Ankarada “Xocalı Abidəsi və Xocalı Muzeyi ” kompleksinin açılış mərasimi keçirilib

Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılış mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin və Kızılcahamam rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib.

Geniştərkibli tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri Yaqub Mahmudov, Cavanşir Feyziyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələri, xeyli sayda ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də çox sayda KİV nümayəndələri iştirak ediblər.

Mərasim iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb. Daha sonra Ə.Həsənov, F.Bağırov, Y.Mahmudov, C.Ünal və M.Çit çıxış edərək iki qardaş ölkənin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs ediblər.

F.Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya çatdırılmasında gənclərə düşən mühüm vəzifələrdən bəhs edib.

Ə.Həsənov isə çıxışında Kızılcahamam rayon rəhbərliyi və Türkiyə hökumətinə təşəkkürünü bildirib, Xocalı soyqırımının bütün Türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb və bu kimi fəaliyyətlərin Xocalı soyqırımı faktı kimi halların bir daha təkrarlanmaması üçün mühüm olduğunu qeyd edib.

O, həmçinin Türkiyədə Xocalı soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırım kimi tanıyacağına ümid etdiyini vurğulayıb.

Açılış mərasimində çox saylı insanların iştirakı xüsusi diqqət çəkib. Tədbir iştirakçılarına “İrs-Miras” jurnalı ilə yanaşı, erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO