Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında sərəncam

Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci və 32-ci bəndlərini rəhbər tutaraq, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılsın.
2. “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 100 ştat vahidi müəyyən edilsin.
5. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilsin.
6. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətə verilsin.
7. Müəyyən edilsin ki, “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) alternativ və bərpa olunan enerji mənbələri üzrə kəşfiyyat, işlənmə, enerji istehsalı, nəqli, paylanması, enerji alınması üçün avadanlıq, qurğu və obyektlərin layihələndirilməsi, istehsalı, tikintisi, istismarı və infrastruktur təminatı sahələrində fəaliyyət göstərir.
8. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
8.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə:
8.1.1. Cəmiyyətin strukturunun, işçilərin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;
8.1.2. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
8.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
8.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;
8.1.5. Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;
8.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
8.2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
8.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona edilən dəyişikliklərin təsdiqi;
8.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
8.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
9. Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
10.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı məsələləri bir ay müddətində həll etsin;
10.2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini bina və zəruri avadanlıqla təmin etsin;
10.3. Cəmiyyətin əmlakı nəzərə alınmaqla, onun nizamnamə kapitalının formalaşdırılması və ilkin mərhələdə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etsin;
10.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
10.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
10.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
10.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görsün.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il.

Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 1 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri (bundan sonra – ABOEM) üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Agentliyin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. müvafiq sahənin inkişafını və infrastrukturunun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır;
2.1.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

3. Agentliyin vəzifələri

3. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək, dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
3.1.2. Azərbaycan Respublikasının ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək;
3.1.3. müvafiq sahədə istehsalın və istehlakın proqnoz göstəricilərini hazırlamaq, onları aidiyyəti dövlət orqanlarına təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;
3.1.4. ABOEM hesabına istehsal olunan enerjinin mövcud şəbəkələrə ötürülməsi üçün müvafiq qurumlarla birlikdə qoşulma nöqtələrini müəyyənləşdirmək;
3.1.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
3.1.6. alternativ və bərpa olunan enerjinin istehsalı, ötürülməsi (nəqli), paylanması üzrə sistemi optimallaşdırmaq və səmərəli istifadəsi üçün şərait yaradılmasını təmin etmək;
3.1.7. müvafiq sahədə tariflərin formalaşdırılmasında iştirak etmək, bu sahədə istehsalçı müəssisələrin uzunmüddətli dövrdə rentabelli fəaliyyətini təmin edən tariflərin müəyyənləşdirilməsi metodologiyasını hazırlamaq, həmin tariflərin təkmilləşdirilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;
3.1.8. müvafiq sahəyə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirləri hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
3.1.9. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq sahədə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
3.1.10. müvafiq sahə üzrə avadanlığın quraşdırılmasına, qurğulardan düzgün istifadə olunmasına və müəyyən edilmiş qaydada saxlanmasına nəzarət etmək;
3.1.11. müvafiq sahədə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən avadanlıq və qurğuların istifadəsinin qarşısını almaq məqsədi ilə tədbirlər görmək;
3.1.12. qanunla nəzərdə tutulmuş hallarda icrası məcburi olan göstərişlər vermək, müvafiq sahədə fəaliyyət üçün verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı tədbirlər görmək;
3.1.13. ABOEM hesabına istehsal olunmuş enerji resurslarına və məhsullara, habelə müvafiq işlərə və xidmətlərə ölkə iqtisadiyyatının və əhalinin tələbatının ödənilməsini təmin etmək məqsədi ilə tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.14. ABOEM-dən səmərəli istifadə və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirmək;
3.1.15. ABOEM-in müəyyən olunmasını, dövlət uçotunun aparılmasını, mənbələrin dövlət kadastrına salınmasını və bu sahədə fəaliyyət göstərən enerji istehsalçılarının uçotunun aparılmasını təmin etmək;
3.1.16. müvafiq sahədə enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakı sahəsində texnoloji itkilərin və enerji sərfinin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, ölkənin enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.17. müvafiq sahənin infrastrukturunun etibarlı mühafizəsini təmin edən və bu işin lazımi səviyyədə qurulması üçün tələb olunan müasir avadanlığın, texnologiyaların, texniki və digər xüsusi vasitələrin tətbiqinə və istifadəsinə dövlət nəzarətini həyata keçirmək, müvafiq sahədə yeni energetika obyektlərinin yaradılması məqsədi ilə müvafiq təkliflər vermək;
3.1.18. müvafiq sahənin normal fəaliyyətinin və inkişafının təmin edilməsi məqsədi ilə zəruri olan müasir idarəetmə sistemlərinin, informasiya texnologiyalarının cəlb olunmasını, rabitə xidmətlərinin qurulmasını, etibarlı informasiya və mühafizə vasitələrinin tətbiqini təşkil etmək;
3.1.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini Agentliyin səlahiyyətinə aid məsələlər üzrə təmin etmək;
3.1.20. Agentliyin fəaliyyətinə dair məlumat bazası, Azərbaycan Respublikasında mövcud alternativ və bərpa olunan enerji mənbələri haqqında məlumat bankı yaratmaq, onların yerli şəraitə uyğun səmərəli istifadəsinə imkan verən texnologiyaların tətbiqi üçün təkliflər hazırlamaq;
3.1.21. Agentlik sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək;
3.1.22. müvafiq sahəyə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanmasını və mühafizəsini təmin etmək;
3.1.23. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.24. müvafiq sahə üzrə beynəlxalq konqres, konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;
3.1.25. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.26. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin etmək;
3.1.27. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.1.28. Agentliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunla müəyyən edilmiş qaydada digər tədbirlər görmək;
3.1.29. öz fəaliyyəti haqqında yerli əhalinin, ictimaiyyətin məlumatlandırılmasını, internet saytının yaradılmasını və malik olduğu ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
3.1.30. qanuna uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək.

4. Agentliyin hüquqları

4.1. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.1.2. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.1.3. Azərbaycan Respublikasının müxtəlif regionlarında alternativ və bərpa olunan enerjinin hərtərəfli və geniş tətbiqi ilə bağlı təhlillər və tədqiqatlar aparmaq, fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlamaq;
4.1.4. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər hazırlamaq və həyata keçirmək;
4.1.5. Agentliyin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
4.1.6. Agentliyin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
4.1.7. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.8. Agentlikdə kargüzarlığın təşkili, icra və əmək intizamına riayət olunması işinin təşkili vəziyyətini yoxlamaq;
4.1.9. müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;
4.1.10. alternativ və bərpa olunan enerji istehsalı, enerji səmərəliliyi və ətraf mühitin qorunması ilə bağlı tədbirlər təşkil etmək və keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;
4.1.11. qanunvericiliyə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarda, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək;
4.1.12. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.13. qanunvericiliklə müəyyən olunmuş qaydada müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.1.14. qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin strukturunu və işçilərinin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Agentlik sədrinin müavinləri Agentlik sədrinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin sədri:
5.5.1. Agentliyin işini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Agentliyin aparatının struktur bölmələrinin, tabeliyindəki qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.9-cu bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərar formasında qəbul edir;
5.5.4. Agentliyin tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiqlənmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Agentliyin aparatının işçilərini və tabeliyindəki qurumların işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, habelə tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin olunması üçün təqdimatlar verir, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və bunların, habelə Agentliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.8. Agentliyin səlahiyyətlərinə aid məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.9. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.10. Agentliyin tabeliyindəki qurumların nəzdində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;
5.5.11. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.12. Agentliyin aparatına və tabeliyindəki qurumlara işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir;
5.5.13. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;
5.5.14. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Agentliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır.
5.6. Agentlikdə Agentliyin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
5.7. Kollegiya üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.8. Kollegiyanın iclaslarında orqanın fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
5.9. Agentliyin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.9.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
5.9.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;
5.9.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.9.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.9.5. Agentliyin sədrinin təşəbbüsü ilə Agentliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.9.6. bu Əsasnamənin 5.9.1-5.9.5-ci yarımbəndlərinə uyğun olaraq Agentliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.
5.10. Agentliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.11. Agentliyin kollegiyasının iclasları sədr tərəfindən mütəmadi olaraq çağırılır.
5.12. Agentliyin kollegiyasının iş qaydasını sədr müəyyənləşdirir.
5.13. Agentliyin kollegiyasının üzvləri və sədr arasında fikir ayrılığı yarandıqda, Agentliyin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin kollegiyasının üzvləri öz fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bildirə bilərlər.
5.14. Agentliyin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO