“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının qərarı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
ASC-dən Trend-ə verilən məlumata görə, 21 il əvvəl – 1992-ci ilin 26 fevral tarixində erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı Korporasiyası tərəfindən qeyd edilmışdir.
Fevralın 25-də Korporasiya Pirşağı qəsəbəsində yeləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivinin Quba rayonundakı SOYQIRIMI qurbanlarının xatirə kompleksinə ziyarətini təşkil edilmişdir.
Korporasiyanın bu təşəbbüslə çıxış etməsində əsas məqsəd bir soyqırımı qurbanlarını yad etməklə, digər soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmağa nail olmaq kimi çox önəmli bir məsələyə diqqət çəkmək olub, erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasəti davamlı və dəyişməz olduğu kimi, həm də hər zaman dəhşətli dərəcədə amansız və qəddar xarakter daşımasıdır.
Ziyarət zamanı Korporasiya nümayəndələri və məktəblilər Xatirə Kompleksinə tər gül-çiçək dəstələri qoyub, Quba soyqırımı faktı ilə bağlı açıq dərsi dinləyiblər. Həmin gün Azərbaycan Mətbuat Şurasının və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində – tərkibində TRT-nin, FOX TV-nin, “Bu gun” qəzetinin, “Kanaltürk” TV-nin, “Todays Zaman” qəzetinin, “Samanyoluxəbər”in, “Zaman” qəzetinin, Media PR Agentliyinin daxil olduğu bir qrup türkiyəli jurnalist də Xatirə Kompleksində olublar və onlar Xocalı məktəblilərinin Quba məzarlığına gətirilməsinin təşəbbüskarı olan Korporasiya nümayəndələrinə təşəkkürlərini bildiriblər.
Orada xüsusi olaraq qeyd edilib ki, bu çür tədbirlər həm yetkin, həm də yetişməkdə olan nəslin bu faciələri unutmaması, bu iyrənc siyasətdən doğa biləcək gələcək təhlükələrin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir və hər kəs bu qanlı tarixin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələni etməlidir.
Fevralın 26-da isə Korporasiyanın Direktorlar Şurasının üzvləri, kollektivi və Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbinin şagird və müəllimləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış ANA FƏRYADI abidə kompleksini ziyarət edərək, abidə önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə Qarabağ müharibəsi tarixinin bu qanlı və misli görünməmiş vəhşiliklə törədilmiş faciəsinin qurbanları dərin kədərlə anılmış, bu soyqırım aktının səbəbkarları olan erməni cəlladlarının bu günədək də öz cəzalarını almamasından təəssüf və hiddətləri ifadə edilmişdir.
Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan xalqına qarşı bu vəhşiliyi törədənlərin layiqli cəzalarını alacaqları günün uzaqda olmadığını və hazırda dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə bu məqsədə doğru aparan yolda ciddi işlər görüldüyü qeyd edilmişdir.
Abidə önünə “613” yazılmış əkillə gələn Xoçalı 2 saylı orta məktəbinin şagirdi Vəfa Xurşudzadə “Akkord” Korporasiyası və Xocalı məktəbliləri adından beynəlxalq təşkilatlara, siyasətçilərə, səfirlərə və ictimai xadimlərə bəyanat ünvanlamışdır.
“Düz 21 ildir ki, bizim xalqımız erməni işğalından, öz havadarlarının əlində alətə çevrilərək xalqımızın qanına susayan erməni millətçilərinin sərsəm və qanlı siyasətindən əziyyət çəkir, ata-baba torpaqlarımız düşmən tapdağı altında inləyir. 21 ildir Azərbaycan adlı vətənin ən qədim və əzəli torpağı olan Qarabağımız erməni faşizminin qanlı caynağında əsir həyatı yaşayır. Biz Ermənistan dövləti və onun faşizm ideyaları ilə zəhərlənmiş siyasi ünsürlərinin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasətini qəti şəkildə rədd edir, bu siyasəti həyata keçirənlərin bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən birmənalı şəkildə cəzalandırılmasını tələb edirik.
21 il ərzində Ermənistan adlı bir dövlətin, kin və nifrət duyğuları ilə qidalanan bir millətin qəsbkar siyasətindən, işğalçılıq niyyətlərindən, faşizm ideologiyalı sərsəm xülyalarından əziyyət çəkən, övladları yalnız azərbaycanlı olduğu üçün qətlə yetirilən, asılan, soyulan, yandırılan bir xalqın övladları olaraq sizə – dünyada sabitliyin, sülhün, ədalətin, haqqın bərqərar olması missiyasını öz üzərinə götürən təşkilatlara və qurumlara, bu yolda əmək sərf edən siyasətçilərə, səfirlərə və nəhayət sadəcə, vicdanlı insanlara müraciət edirik:
Biz Ermənistan dövləti və onun faşizm ideyaları ilə zəhərlənmiş siyasi ünsürlərinin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasətini qəti şəkildə rədd edir, bu siyasəti həyata keçirənlərin bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən birmənalı şəkildə cəzalandırılmasını tələb edirik;
Biz işğal altında olan ata-baba yurdlarımızın işğalından azad olunması üçün sizlərin ədalətli və qətiyyətli mövqe nümayiş etdirmənizi tələb edir və bunu sizdən tam haqla gözləyirik;
Biz qayəsi işğal, terror, cinayət olan, insanlığa qarşı ağlasığmaz vəhşiliklər törətmiş bütün rejimlərin, üsul-idarələrin və qurumların beynəlxalq hüquq və prinsiplər çərçivəsində ən sərt formada cəzalandırılmasını və ədalətin bərqərar olmasını tələb edirik;
Biz öz yurd-yuvasından didərgin düşmüş bütün həmvətənlərimizin doğulub-böyüdükləri, ata-babalarının məskən saldığı, yaşadığı torpaqlara qaytarılmasının və həmin torpaqlarda azad, sülh içərisində yaşamasının təmini üçün sizlərin dəstəyinizi gözləyir və bəşəriyyətin taleyüklü məsələlərinin həllini özünə amal etmiş təşkilat, qurum, birlik və ən əsası, insanlar olaraq sizlərin hər birinizdən ədalət tələb edirik.
Bu bizim, tarixi ədalətsizliklə üz-üzə qalmış azərbaycanlıların haqqıdır.
Biz Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına inanırıq”, – bəyanatda deyilir.
Qeyd edək ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər hər zaman “Akkord” Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdurlar.