Aİ-nin Azərbaycandakı səfiri: “Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək “

Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.

Səfir qeyd edib ki, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: “2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir”.

M.Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək.

Səfir bildirib ki, hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Onun sözlərinə görə, əfsuslar olsun ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib. “Amma ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və görüşlərin bundan sonra da keçirilməsinə qərar veriblər”.

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. M.Mard deyib ki, hesabatda qeyd olunan tövsiyələrdən biri də Aİ nümayəndələrinə Dağlıq Qarabağ və ətraf rayonlara getməyə icazə verilməsidir.

Səfirin sözlərinə görə, Aİ enerji sahəsində əməkdaşlıqda Azərbaycana böyük önəm verir: “Aİ Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir”.

M.Mard qeyd edib ki, hesabatda əsas diqqət Ukraynaya yönəlib. Onun sözlərinə görə, Aİ Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın Rusiyaya birləşdirilməsinə dair keçirilən referendumu tanımır.

O, həmçinin qeyd edib ki, BMT Baş Assambleyasının iclasında referendumu tanımamağa çağıran qətnamənin lehinə səs verən ölkələrdən biri də Azərbaycan idi.

Səfir deyib ki, hesabatda tövsiyələrdən biri də Azərbaycanda korrupsiyaya qarşı mübariziyə dair milli proqramın həyata keçirilməsi ilə bağlıdır.

Aİ səfiri hesabatda Azərbaycanda “ASAN xidmət”in uğurlu fəaliyyəti barədə qeyd olunduğunu da bildirib: “Qürur duyuruq ki, Aİ-nin “ASAN xidmət”in işində az da olsa payı var”.

Onun sözlərinə görə, Aİ Azərbaycanda vətəndaş cəmiyyəti ilə bir çox sahələrdə əməkdaşlıq edir və ümid edir ki, bu əməkdaşlıq davam edəcək.

Səfir qeyd edib ki Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsinə də önəm verildiyi barədə hesabatda qeyd olunub.

M.Mard qeyd edib ki, Aİ münasibətlərin inkişafında iddialıdır. Lakin bu, açıq dialoqa əsaslanmalıdır: “Biz Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edirik. İstərdik ki, enerji sahəsi ilə yanaşı, insan haqları sahəsində də əməkdaşlıq inkişaf etsin. Şərq Tərəfdaşlığı sülhməramlı alətdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO