Şahin Camalov: “Xocalı soyqırımının günahkarları ilə beynəlxaql tribunal məşğul olmalıdır”

Gün.Az-ın İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun həmsədri Şahin Camalovla müsahibəsi:
– Təşkilatınızın Xocalı soyqırımının günahkarları üzərində beynəlxalq hərbi tribunalın yaradılması üzrə işlərə başlamaq qərarı nə ilə bağlıdır?

– İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun Beynəlxalq tribunalın yaradılması üzrə müvafiq qərarının qəbulu dünyada müvafiq vəziyyətin yaranması ilə bağlıdır. Bununla əlaqədar, təşkilatımız Xocalı soyqırımı günahkarlarının mühakimə olunması üçün Beynəlxalq hərbi tribunalın yaradılması üzrə miqyaslı işə başlayıb. Ümid edirik ki, başladığınız iş fayda gətirəcək və biz Xocalı soyqırımında günahkar olan şəxslərin cəzalandırılmasına nail ola biləcəyik.

– Ermənistan ərazisində yaşayan şəxslər məsuliyyətə cəlb edilmələri üçün beynəlxalq yurisdiksiyaya düşürlərmi?

– Məlum olduğu kimi, məhkəmənin müvafiq qərarı olmadan şəxs günahkar sayıla bilməz. Azərbaycanın Hərbi Prokurorluğunun Xocalı soyqırımı üzrə cinayət işlərində adı keçən şəxslərə qarşı hələlik məhkəmə təqibi barədə qərar qəbul edilməyib. Bundan başqa, Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən qaldırılmış cinayət işləri üzrə yerli məhkəmələrdə bu və ya digər şəxsin Xocalı soyqırımında günahkar olması barədə müvafiq əqrar qəbul edildikdə, bu qərar yalnız ölkə daxilində hüquqi qüvvəyə malik olacaq.
Buna görə də, Xocalı soyqırımında günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Beynəlxalq hərbi tribunalın yaradılması tələb olunub. Məhz buna görə də, biz Xocalı soyqırımının törədilməsində günahkar olan şəxslər üzrə ayrıca hərbi tribunalın yaradılmasına çalışmaq niyyətindəyik. Bu iş çərçivəsində təşkilatımız BMT, Avropa Şurası, ATƏT, həmçiniun dünya ölkələrinin parlamentlərinə və bütün nüfuzlu beynəlxalq strukturlara müraciət hazırlayır.

– Təşkilatınızda Xocalı soyqırımında günahkar olan şəxslərin adlarından ibarət ilkin siyahı vardırmı?

– Beynəlxalq hərbi tribunal müvafiq ilkin təhqiqat apararaq, şəxsləri məsuliyyətə özü cəlb edir. Təbii ki, hərbi tribunal Azərbaycanın Hərbi Prokurorluğunun Xocalı soyqırımında günahkar olan şəxslərə qarşı apardığı cinayət işlərini öyrənəcək. Məlum olduğu kimi, Azərbaycanın hərbi prokurorluğunda bu və ya digər şəxslərin Xocalı soyqırımına aidiyyatı olduğunu sübut edən materiallar var. Buna görə də, Beynəlxalq hərbi tribunal yalnız bu şəxslərin axtarılması və cinayət məsuliyyətinə cəlb edilməsi ilə məşğul olacaq.

– Beynəlxalq hərbi tribunalın yaradılması üzrə müraciət proseduru necədir?

– Bir qayda olaraq, bu və ya digər cinayət üzrə Beynəlxalq hərbi tribunalın yaradılması xahişi ilə müraciət BMT Təhlükəsizlik Şurasına göndərilir. Öz növbəsində, bu qurum belə tribunalın yaradılması haqqında qərar qəbul edir. Azərbaycan tərəfinin beynəlxalq arenada kifayət qədər nüfuzu var ki, BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımında günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hərbi tribunalın yaradılması xahişi ilə müraciət etsin.
Bundan başqa, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu nəzərə alaraq, belə müraciəti yaxın bir vaxtda BMT-yə ünvanlamaq lazımdır.

– Xocalı soyqırımında günahkar olan şəxslərin arasında Ermənistanın keçmiş və hazırkı rəhbərlərinin adları göstərilir. Bu şəxslərin beynəlxalq hərbi tribunal tərəfindən məsuliyyətə cəlb edilməsi nə dərəcədə real ola bilər?

– Dünya keçmiş Yuqoslaviya üzrə yaradılmış hərbi tribunal zamanı belə bir hadisənin şahidi oldu. Bununla yanaşı. Bu iş üzrə prezidentlər, nazirlər, komandirlər və əsgərlər cəzalandırıldılar. Bu məsələ üzrə ixtisaslaşmış əcnəbi hüquqşünaslar Xocalı soyqırımının günahkarlarının cəzalandırılması üçün belə bir tribunalın yaradılmasının real olduğunu bildirirlər.
Buna görə də, Xocalı soyqırımının günahkarları, o cümlədən Ermənistanın keçmiş və hazırkı rəhbərlərinin cəzalandırılması üçün belə bir tribunalın yaradılmasını real hesab edirəm.

– Təşkilatınızın bu məqsədə nail olmaq üçün kifayət qədər potensialı vardırmı?

– Bizim təşkilatımız insan hüquqlarının təmin olunması, bu məsələ ilə bağlı ictimai əhəmiyyətli tədbirlərin keçirilməsi ilə məşğuldur. Bundan başqa, təşkilatımızın funksiyasına pozulmuş insan hüquqlarının bərpası və vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi daxildir.
Bununla yanaşı, bizim qeyri-hökumət təşkilatımız bir növ ünikaldır, çünki onun 35 nəfərdən ibarət işçi qrupuna həm dövlət məmurları, həm də Azərbaycan və xarici dövlətlərin xüsusi şəxsləri daxildir. Buna görə də, qarşıya qoyduğumuz məqsədə nail olacağımıza inanırıq.
Beləliklə, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun bu işdəki fəaliyyəti iki istiqamətdən ibarət olacaq – bütün dünyada Xocalı soyqırımının tanınması və bu faciənin günahkarlarının Beynəlxalq hərbi tribunala cəlb edilməsi.

N.H.
Gün.Az

http://www.gun.az/interview/30710

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO