Turkiyənin prezidenti Abdullah Gül Gürcüstanın prezidenti Mixail Saakaşvili ilə görüşüb. Trend-in “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Gül görüşdə Gürcüstanın Türkiyənin tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.
Məlumatda deyilir ki, isti münasibətlərinin olduğunu dilə gətirən Türkiyə prezidenti hər iki ölkənin sülhə və əməkdaşlığa önəm verdiyini deyib.
Türkiyənin Gürcüstanın Avro-Atlantik məkanla və NATO ilə münasibətlərin yaxınlaşması cəhdlərini dəstəklədiyini söyləyən Gül iki ölkə arasında güclü siyasi dialoqun olduğunu bildirib.
Gürcüstanın inkişafının bütün regionun tərəqqisi baxımından əhəmiyyətli olduğunu söyləyən Türkiyə prezidenti Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı strateji iş birliyinin, həmçinin üç ölkəni birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Trans Anadolu Qaz Boru Kəməri kimi layihələr münasibətləri daha da gücləndirdiyini bildirib.
Gürcüstan prezidenti də iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından məmnunluq duyduğunu dilə gətirərək, ölkəsinin NATO ilə yaxınlaşmasına görə Türkiyəyə təşəkkürünü bildirib.
Saakaşvili, həmçinin deyib ki, iki ölkənin iqtisadi və ticari potensialı yüksəkdir və onun həcmi daha da artırıla bilər.