ABŞ üçün kimin prezident seçiləcəyi o qədər də əhəmiyyətli deyil. Əsas olan seçkilərin azad və demokratik keçirilməsidir. Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia bu gün keçirdiyi mətbuat konfransında deyib.
Melia bildirib ki, onun prezident seçkiləri ilə bağlı bəzi KİV-lərdə gedən fikirləri yanlış verilib.
O qeyd edib ki, ABŞ Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır.
“ABŞ ilə Azərbaycan arasında, əsasən, 3 sahədə – energetika, demokratiya, təhlükəsizlik – əməkdaşlıq edilir. Biz Azərbaycana bir dost kimi gəlmişik ki, lazım gələrsə, öz köməyimizi göstərək”, – Melia bildirib.
Onun sözlərinə görə, bu həftə Azərbaycanda keçirdiyi görüşlərdə demokratiya, insan hüquqları, söz azadlığı məsələləri müzakirə edilib və hökuməti bu sahədə addımlar atmağa çağırıb.
“Biz hökuməti müxalifətlə dialoqu genişləndirməyə çağırırıq ki, qarşıdan gələn seçkilərdə müxalifət partiyalarının sərbəst fəaliyyətinə şərait yaransın”, – Melia bildirib.
Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizəsini müsbət qiymətləndirən Melia deyib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması korrupsiya hallarının azalmasına xidmət edir.