Aprelin 20-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP Nizami rayon təşkilatında partiyanın fəalları ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə çıxış edən Əli Əhmədov Azərbaycanın gündən-günə artan iqtisadi və hərbi qüdrətindən, respublikamızın regionun ən güclü dövləti olmasından, bu sahədə Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Ə.Əhmədov bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini daha da möhkəmləndirib. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb.
“Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın dünyada artan nüfuzu məhz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Partiyanın hər bir üzvü də prezident seçkilərində fəal iştirak etməli və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməlidirlər” – deyə Əli Əhmədov əlavə edib.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək rayonun partiya fəallarına bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəal təbliğatçıya çevrilməyi tövsiyə ediblər.
Sonda seçki kampaniyası dövründə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.