Azərbaycanda “yol terroru “: rəqəmlər ürəkaçan deyil

Azərbaycanda, o cümlədən paytaxt Bakıda 2013-cü ilin ilk 3 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin, eləcə də bu zaman ölən və xəsarət alanların sayı ötən illərlə müqayisədə artıb.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, 2013-cü ilin 3 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə verilən məlumatda belə deyilir.
2013-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 335254 yol hərəkəti qaydaları pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 2098, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 45922, ötmə qaydalarının pozulması üzrə 6461, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 8950, sərnişin daşıma qaydalarının pozulması üzrə 1325 fakt aşkar etmişlər. Yol hərəkəti qaydaları pozuntusuna görə 271 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlərə baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınıb. Belə ki, rüb ərzində respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artıb.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 90 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 84 nəfər həlak olub, 75 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 34 fakt (60,7%), 40 nəfər (90,9%) və 41 nəfər (2,2 dəfə) artıb.
Bakı şəhəri ərazisində 221 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 80 nəfər həlak olub, 211 nəfər yaralanıb. 2012-ci ilin 1-ci rübü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin və həlak olanların sayı uyğun olaraq 9 fakt (4,2%) və 37 nəfər (86%) artıb, yaralananların sayı isə 26 nəfər (11%) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 92,6%-i (598) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 31,3%-i (202) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30,5%-i (197) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,1%-i (59) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,6%-i (17) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 37,8 %-ni (244) piyadaların vurulması təşkil edib, nəticədə 86 piyada həlak olub, 183-ü yaralanıb. 34 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 54 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 258 nəfərdən 201-i kişilər, 57-i qadınlar, xəsarət almış 691 nəfərdən isə 533-ü kişilər, 158-i qadınlar təşkil ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO