Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqların peyvənd edilməsi işinin təşkili ilə bağlı Gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələrinə, eləcə də bu məsələdə məsul olan şəxslərə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, Azərbaycanda aprelin 22-dən 27-dək İmmunlaşdırma Həftəsinin keçirilməsi ilə bağlı təşkil olunan tədbirdə çıxış edən baş pediatr qeyd edib ki, 2015-ci ilədək Azərbaycan uşaqlar arasında qızılca və məxmərəyin ləğvinə nail olma öhdəliyini üzərinə götürüb. Lakin bəzi məsələlər narahatçılıq yaradır.
“Gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələrinə bir daha xəbərdar edirəm ki, əgər qızılca və məxmərəklə bağlı problemlər yaransa, bu insanlar ciddi məsuliyyət daşıyacaqlar. Biz belə şübhəli xəstə uşaqlara rast gəlirik. Bununla bağlı bütün məsul şəxslərə müraciət edib demək istəyirəm ki, peyvənd işi ilə hər kəs ciddi məşğul olmalıdır”,-Quliyev deyib.
O əlavə edib ki, ancaq aparılan son araşdırmalar bölgələrdə bu işə diqqətin bir az zəiflədiyini göstərir.
Peyvənd işini cox həyati vacib məsələ hesab edən baş pediatrın sözlərinə görə, uşaq poliklinikalarında əsas məsələ peyvənd işinin təşkilidir.
“Ancaq bu müəssisələrdə peyvənd işi qurulmayıbsa, demək onların heç nədən xəbərləri yoxdur. Ona görə də deyirəm ki, bu işin məsuliyyətini hər kəs bilməlidir”,- Quliyev əlavə edib.
O bildirib ki, bəzən uşaqların peyvənd edilməsi ilə bağlı xoşagəlməz hallar yaranır. Müəssisələrdəki sənəddə hansısa uşağın peyvənd edildiyi qeyd edilsə də, sonradan həmin uşağın peyvənd edilmədiyi məlum olur.
Baş pediatrın sözlərinə görə, ölkədə peyvənddən yayınan bütün uşaqlar aşkarlanmalıdırlar.
Onun sözlərinə görə, bu gün dünyada peyvəndin alternativi olmadığı üçün ondan istifadə etmək lazımdır.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə deyib ki, bütün yeni doğulan uşaqlar ərazidə qeydiyyata götürülür. Ancaq bu uşaqların peyvəndi tam yerinə yetirilmir.
“Bununla yanaşı, hər il təqribən 15-17 minə uşaq qeydiyyatdan kənarda qalır. Qeydiyyata düşməyən və peyvəndə cəlb olunmayan uşaqlar bizim üçün müəyyən problemlər yarada bilərlər. Bu dəfəki İmmunlaşdırma Həftəsi zamanı qızılca, məxmərəyə qarşı, eləcə də digər peyvənlərdən kənarda qalan uşaqları hökmən aşkarlamaq və qeydiyyata alaraq peyvəndə çəlb etmək lazımdır”, – Əliyeva bildirib.