Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əhaliyə göstərilən elektron xidmətlərin siyahısını genişləndirir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ƏMDK-nin aparat rəhbəri İlqar Həbiyev komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) təqdimatında deyib.
Onun sözlərinə görə, portalda informativ və interaktiv xidmətlər cəmləşib. Portalda yerləşdirilən elektron xidmətlərin ümumi sayı 13 ədəd təşkil edir. Resurs vətəndaşların “bir pəncərə” prinsipi üzrə elektron xidmətlər almasını təmin edir.
Elektron xidmətlərin sayının artırılmasında əsas məqsəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının təminatı, komitənin göstərdiyi xidmətlərin səviyyəsinin artırılması və onlara çıxışın sadələşdirilməsidir.
Həbiyev deyib ki, hazırda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı üçün elektron formada ərazi qeydiyyat idarələrinə müraciət edə bilərlər. Həmçinin təkrar bazarın əmlakının qeydiyyatı üzrə məhdudlaşdırma və müraciətlə bağlı ərizələrin verilməsi həyata keçirilir.