Bu günlərdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistika sahəsində beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində Azərbaycan media nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri olub.
Trend-in məlumatına görə, səfərin ilk günlərində Kiprin Prezidenti Dərviş Əroğlu, Baş naziri və xarici işlər naziri ilə görüşlər keçirilib. Nümayəndə heyətinin növbəti görüşü isə “Kıbrıs” Media Qrupunun İdarə Heyətinin sədri Rəşad Akarla keçirilib. Belə bir geniş nümayəndə heyətinin gəlişindən razılığını bildirən Rəşad Akar qeyd edib ki, ŞKTC-nin ən böyük media qrupu olan “Kıbrıs” Media Qrupunun eyniadlı qəzeti, televiziyası və radiosu var. Bundan başqa, qrupun “Cyprus Today” adı ilə həftədə iki dəfə olmaqla ingilis dilində qəzeti də nəşr olunur. “Kıbrıs” qəzetinin tirajı 13 minə çatır ki, bu da ŞKTC-nin ən böyük tirajlı qəzeti deməkdir. Qəzetin reklam gəliri ayda 1 milyon türk lirəsinə çatır. Görüşə görə təşəkkür edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycan mətbuatı üçün mühüm əhəmiyyət kəsb edir: “Sizin reklam sahəsindəki təcrübəniz bizim üçün də maraqlı ola bilər. Biz artıq bu sahədə Türkiyə təcrübəsini öyrənmişik və bunu Azərbaycanda tətbiq etmək fikrimiz var”. Görüşdə gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi qərara alınıb.
Daha bir görüş Kıbrıs Türk Qəzetçilər Birliyinin üzvləri ilə baş tutub. Birliyin rəhbəri Hüseyn Güvən qurumun yaranma tarixi və fəaliyyəti haqqında danışdı, hələ də Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin kifayət qədər olmamasından təəssüfləndiyini vurğulayıb: “Bizim təşkilatın 300 nəfərə yaxın üzvü üçün sizin gəlişiniz çox xoş oldu. Ümid edirik ki, bundan sonra əməkdaşlığımız güclənəcək və bir-birimizdən çox şey öyrənəcəyik”.
Vüqar Səfərlinin Fondun fəaliyyəti haqqında, xüsusilə də jurnalistlərə və qəzetlərə dövlət dəstəyi layihələri barədə geniş məlumatı kiprli həmkarların yaxşı mənada böyük təəccübünə və heyrətinə səbəb olub. Fond rəhbəri bildirib: “Fond Azərbaycanda söz və fikir azadlığına dəstək vermək üçün yaradılıb. Azərbaycan Prezidenti hər il bizim fonda kifayət qədər vəsait ayırır və bu vəsait jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında mühüm rol oynayır. Prezident jurnalistlər üçün mənzil tikintisinə də vəsait ayırıb, artıq binanın tikintisi başa çatıb və bir neçə aydan sonra 156 mənzil jurnalistlərin istifadəsinə veriləcək”.
Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və dəgər nümayəndələr də çıxış edərək rəhbərlik etdikləri qurumlar haqqında kiprli həmkarlarına məlumat veriblər, fikir mübadilələri aparılıb, hər iki tərəfdən meydana çıxan suallara geniş izahlar verilib.
Kipr Türk Qəzetçilər Cəmiyyətinin üzvləri ilə keçirilən görüş də yaddaqalan olub. Çıxışına “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” ifadəsi ilə başlayan qurumun rəhbəri Akay Camal Azərbaycanı çox sevdiklərini, hər il Xocalı faciəsinin ildönümü ilə bağlı böyük tədbir keçirdiklərini deyib: “Azərbaycandan olan Kiprdəki universitet tələbələri də bu tədbirlərdə fəal iştirak edirlər. Sizin gəlişiniz göstərdi ki, bundan sonra əlaqələrimiz daha sıx olacaq”.
Azərbaycan nümayəndə heyətinin üzvləri isə ölkəmizdə mətbuatın hazırkı vəziyyəti, inkişaf tendensiyaları, dövlətin bu sahəyə göstərdiyi diqqət, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.
Ən maraqlı görüşlərdən biri Birinci Media Qurumunun İdarə Heyətinin rəhbəri Ertan Birinci ilə olub. Kiprdə ilk özəl televiziya yayımını həyata keçirən bu qurumun nəzdində üç telekanal və iki radio fəaliyyət göstərir. Telekanalların xarici əlaqələri çox güclüdür, hətta Londonda da studiyaları var və oradan verilişlər hazırlanıb yayımlanır. Müzakirələr zamanı telekörpülərin təşkil olunması, qarşılıqlı səfərlər, Azərbaycanın klassik filmlərinin Kipr televiziyalarında nümayiş etdirilməsi, hər iki tərəfdə nümayəndəliklərin yaranması kimi maraqlı təkliflər səslənib.
Səfər çərçivəsində min nəfərdən artıq azərbaycanlı tələbənin təhsil aldığı Yaxın Doğu Universiteti, Girnə Amerikan Universiteti və Doğu Akdeniz Universitetinin rəhbərləri ilə də səmərəli görüşlər keçirilib.
Universitet rektorları ilə keçirilən geniş tərkibli görüşlərdə həmin universitetlərin nəzdindəki media qurumları ilə Azərbaycan mediasının sıx təcrübə mübadiləsi və əməkdaşlığına nail olmaqdan tutmuş orada təhsil alan azərbaycanlı tələbələrin məqbul davranış və təhsil fəaliyyətinə qədər geniş məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yaxın Doğu, Doğu Akdeniz universitetlərinin rəhbərlərinin Azərbaycan mediasının inkişafı barədə xoş sözləri məmnunluqla qarşılanıb.
Azərbaycan media qrupunun rəsmi səfəri proqramında Kiprin tarixi, mədəniyyət abidələri ilə tanışlığa da yer ayrılıb. Ziyarətlər zamanı qrupu müşayət edən ŞKTC-nin Azərbaycandakı sabiq nümayəndəsi Zəki Qazıoğlu və ŞKTC-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim Taksamançı ölkəsinin tarixi, mədəniyyəti, mətbuatı, xalqın öz sərvətlərinə və dəyərlərinə möhkəm bağlılığı barədə geniş məlumatlar veriblər.
KİVDF-nin icraçı direktoru Kipr mətbuat orqanlarının böyük marağını nəzərə alaraq bütün görüşlərdə ölkənin media nümayəndələrini Azərbaycanın mətbuat sahəsində hazırkı dövlət siyasəti ilə daha yaxından tanış olmaq üçün Azərbaycana səfərə dəvət edib. Azərbaycanın təcrübəsinə maraqlarını gizlətməyən Kipr media mənsubları dəvəti qəbul etdiklərini bildiriblər.
Bununla da Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.