İstirahət günü Azərbaycan ərazisində hava nisbətən yağmurlu keçəcək, bəzi yerlərdə sulu qar yağacaq. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacaq, şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.
Gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəyəcədək şaxta olacağı proqnozlaşdırılır.
Məmmədova deyib ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək.
Qeyd edək ki, mövcud temperatur çoxillik iqlim normasından 2-3 dərəcə aşağıdır.