Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “İşıqlı həyat” layihəsi həyata keçirilir.
Trend-in məlumatına görə, layihənin əsas məqsədi Azərbaycan əhalisinin, xüsusən, gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır. Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda, öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Cari ilin aprel ayında KİV nümayəndələrinin iştirakı ilə işıq qaytarıcıları haqqında 18 və 152 nömrəli orta məktəblərdə təqdimatlar keçirilib. Bunun davamı olaraq layihə çərçivəsində növbəti təqdimat 18 aprel 2013-cü il tarixində Bakı şəhəri 102 saylı orta məktəbdə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın iştirakı ilə keçirilib. Təqdimat zamanı müğənni tərəfindən reflektorlar şagirdlərə paylanılıb.