Azərbaycanda insan alveri məqsədilə sənədləri saxtalaşdıranlar cəzalandırılacaq

Milli Məclis aprelin 19-da keçiriləcək plenar iclasında Cinayət Məcəlləsinə əlavələri müzakirəyə çıxaracaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, əlavələr insan alveri məqsədilə sənədlərin saxtalaşdırılması ilə bağlı cəzaları müəyyən edir.
Əlavəyə görə, insan alveri məqsədilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
İnsan alveri məqsədilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmənin isə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması gözlənilir.
Həmin maddəyə hazırlanan sonuncu əlavədə qeyd olunur ki, insan alveri məqsədilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnsan alveri məqsədilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO