Ədliyyə Akademiyasında Türkiyə və Azərbaycan alimləri tərəfindən hazırlanmış “Türkcə-Azərbaycanca hüquqi terminoloji izahlı lüğət”in təqdimat mərasimi keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, lüğətin müəllifi Ankara Universitetinin professoru Əjdər Yılmazdır. On səkkiz minə yaxın sözü əhatə edən izahlı lüğət hüquq terminlərinin daha dəqiq anlaşılması məqsədilə hazırlanıb.
Tədbirdə izahlı lüğətin türk və Azərbaycan hüquq ədəbiyyatının öyrənilməsi baxımından hüquqşünas alimlər və hüquq fakültəsinin tələbələri üçün mühüm vəsaitə çevriləcəyi qeyd olunub.
Bildirilib ki, gələcəkdə Azərbaycanca-türkcə izahlı lüğətin hazırlanması da nəzərdə tutulur.
Qeyd edək ki, təqdimat mərasimində Ədliyyə Akademiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin üzvü, Yüksək Seçki Qurumunun sədri, Ədliyyə Akademiyası İdarə Heyətinin üzvü Sadri Güvənin başçılıq etdiyi, tərkibi hakimlər, prokurorlar və hüquqşünas alimlərdən ibarət olan 12 nəfərlik nümayəndə heyəti, o cümlədən Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin nümayəndələri, hüquqşünaslar və bir sıra tanınmış filoloqlar iştirak ediblər.