Azərbaycandan İrana gedənlərin rahatlığı üçün sərhəddə xüsusi xidmət yaradılıb

Azərbaycandan İrana müalicə, ziyarət və gəzmək məqsədi ilə səfər edən şəxslərin rahatlığını təmin etmək üçün Biləsuvar sərhəd-keçid məntəqəsində xüsusi taksi servis xidməti fəaliyyətə başlayıb. Bunu Trend-ə Biləsuvarın (İran) “Hadi-Seyr” sərnişindaşıma şirkətinin direktoru Əkbər Naseri deyib.

Naserinin sözlərinə görə, “Hadi-Seyr” sərnişindaşıma şirkəti azərbaycanlı qonaqların İranın bütün şəhər və rayonlarına rahat şəkildə çatdırılmasına xidmət edir.

“Bizim şirkətdə 300-400 minik maşını var, mikroavtobus, avtobuslar da mövcuddur və maşınların hamısı dövlət sığortası ilə sığortalanıb. Sərnişinlər məqsədə çatacaqları anadək dövlət sığortası ilə sığortalanır. Allah eləməmiş, yolda başlarına bir iş gəlmiş olarsa, həmin sığorta şirkəti və şirkət onlara dəymiş ziyanı ödəyəcək”, – o bildirib.

Naseri həmçinin deyib ki, Azərbaycandan Təbriz və digər şəhərlərə müalicə üçün gələn sərnişinlərin sayı çoxluq təşkil edir.

Yaxın gələcəkdə sərhəddə həkimlərin xidmət göstərməsini təmin edəcəyik. Həkimlər İrana müraciət edən xəstələrin xəstəliyinin nə olduğu, hansı həkimə müraciətin lazım olduğu, hansı xəstəxanaya müraciət etməli olduğu barədə məsləhətlər verəcək, hətta onlar üçün vaxt təyin edilməsində yardımçı olacaqlar.

Bu, müalicə üçün müraciət edənlərin vaxt və pul itkilərinin qarşısını alacaq, eləcə də onları dəllal və dələduzların əməllərindən xilas edəcək.

Naseri əlavə edib ki, şirkətin xidmətləri ən ucuz qiymətlərlə ölkənin bütün istiqamətlərini, o cümlədən Tehran, Məşhəd, Təbriz, Ərdəbil və digər şəhərləri əhatə edir.

Naseri Biləsuvardan Təbrizə adambaşına 10 manat, Ərdəbil şəhərinə isə 5 manat olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan və İran arasında Astara sərhəd-keçid məntəqəsi ilə yanaşı, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri də fəaliyyət göstərir.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur. Bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Biləsuvar sərhəd-keçid məntəqəsində görülən işlərlə tanış olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO