Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 76-cı konqresinə bu gün yekun vurulur.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konqresin sonuncu günü qadın idman jurnalistlərinin beynəlxalq seminarının təşkili və bir sıra məsələlər müzakirə edilib, həmçinin bir sıra təqdimatlar keçirilib. AIPS-in “Young reporters” proqramının təqdimatı zamanı AIPS gənc reportyorlarının hazırladığı reportaj daha çox Azərbaycan idmanı barədə olub.
Konqresin gedişində Rusiya Baş nazirinin müavini Dmitri Kozak çıxış edərək konqres iştirakçılarına uğurlar arzulayıb və AIPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.
Hüseynzadə çıxış edərək AIPS-in 77-ci konqresinin gələn il Bakıda yüksək səviyyədə təşkil ediləcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.
Tədbirdə Bakı haqqında xüsusi videoçarx nümayiş etdirilib.
Daha sonra AIPS prezidenti Cianni Merlo Azərbaycan nümayəndə heyətinə 76-cı konqresin xatirə hədiyyəsini təqdim edib.
Günün sonunda konqresin bağlanış mərasimi keçiriləcək. Mərasimdə gələn il AIPS-in konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanacaq.