Azərbaycanda miqrasiya məsələləri vahid bir sənədlə tənzimlənəcək. Trend-in məlumatına görə, bu barədə jurnalsitlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyası idarə heyətinin sədri Əli Hüseynli bildirib.
“Artıq bir neçə gündür ki, Miqrasiya Məcəlləsi Prezident Adminstrasiyası tərəfindən Milli Məclisə göndərilib. Yaxın bir ay ərzində məcəllə parlamentdə həm komitədə, həm də plenar iclaslarda müzakirə ediləcək. Məcəlləinin yaz sessiyası dövründə qəbulu nəzərdə tutulur. Bu məcəllənin qəbul olunması miqrasiya məsələlərinin vahid bir sənəddə toplanması deməkdir. Bundan sonra həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər miqrasiya məsələləri ilə bağlı vahid bir sənədə müraciət edəcəklər. Bu, həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün çox faydalı olacaq”, – Hüseynli qeyd edib.
Onun fikrincə, bu cür islahatlar qanunvericlikdə, eləcə də idarəetmədə aparılan islahatların bariz nümunəsidir. Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasıdır. Bu vəzifələr icraolunma, müasir və keyfiyyətli idarəetmə ilə bağlıdır.
Millət vəkili bəzi ölkələrdə olduğu kimi, Azərbaycana gələn əcnəbilərin Azərbaycan dilindən imtahan verməsini vacib hesab etməsə də, bildirib ki, əcnəbilər, xüsusən iş adamları Azərbaycan dilini bilməkdə maraqlı olmalıdırlar. Azərbaycanda bu məsələlər əsasən “Dövlət dili haqqında” Qanunla tənzimlənir.
“Əcnəbilər Azərbaycanda iş prosesində ölkə qanunlarına əməl etmək məcburiyyətindədirlərsə, Azərbaycan dilini də öyrənməyə məcburdurlar”, – komitə sədri qeyd edib.
Miqrasiya Məcəlləsi təkcə əcnəbilərin Azərbaycandakı miqrasiya məsələlərini deyil, habelə ölkə vətəndaşlarının daxili miqrasiya məsələlərini də tənzimləyəcək. Yenilik ondan ibarətdir ki, hamı vahid bir sənədə müraciət edəcək və bütün problemlərin həlli vahid bir sənəddə toplanacaq.
Məcəllədə konkret hansı məsələlərin yer alacağı Milli Məclisdəki müzakirələrdən, verilən rəy və təkliflərdən sonra bəlli olacaq.