Avtobus dayanacaqlarında taksilərin və şəxsi avtomobillərin dayandırılması faktları artdığından bu istiqamətdə daha təsirli tədbirlərin görülməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, sərnişindaşımada nizam-intizamın yaradılması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi ilə birgə reydlərin keçirilməsini davam etdirir. Reydlər çərçivəsində avtobus dayanacaqlarının zəbt edilməsi ilə bağlı avtomobillər evakuasiya edilməklə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır və dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonalarında dayanmış avtomobil sürücüləri barəsində avtopatrul avtomobillərində quraşdırılmaış bortkompyuterlər vasitəsilə fotomateriallar hazırlanır.
Bununla bağlı ərazi üzrə keçirilən tədbirlər nəticəsində Bakıda 2013-cü ilin əvvəlindən 500-dən artıq sürücü məsuliyyətə cəlb edilib.
“Çox təəssüfedici haldır ki, son həftə ərzində təkrarən eyni xətanı törətdiklərinə görə 62 sürücüyə inzibati protokol tərtib edilib. Elələri var ki, onlara dəfələrlə inzibati protokol tərtib edilib, amma heç bir xeyiri olmur. Buradan protokol yazılır, o tərəfdən isə gəlib bir də həmin yerdə durur”, Əsədov qeyd edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin nəzərinə çatdırır ki, avtobus dayanacaqları yol polisləri tərəfindən nəzarətə götürülməklə yanaşı, paytaxtda quraşdırılan videokameralar vasitəsilə həmin ərazilərdə müşahidələr və nəzarət gücləndiriləcək və avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edənlər qanunvericliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
“Yol polisi taksi fəaliyyəti ilə məşğul olan, o cümlədən şəxsi avtomobil sahiblərinin avtobus dayanacaqlarında müəyyən müddətə dayandırılmasını təmin edən sürücülərinə müraciət edərək xahiş edir ki, yol hərəkəti qaydalarına hörmətlə yanaşıb onlara riayət etsinlər. Unutmasınlar ki, avtobus dayanacağından hər kəs istifadə edir. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtobus dayanacaqlarının ərazilərini zəbt etməsi avtobus sürücülərinin nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlamasına və qəza şəraitinin yaradılmasına zəmin yaradır, eləcə də dayanacaqlarda piyadaların sərbəst hərəkətinə mane olur. Belə olmaz! Bu, yolverilməzdir! Bunu edəndə, ən azından düşünün ki, yüzlərlə insanın narahatlığına səbəb olursuz. Ən azından, elementar düşüncə olmalıdır. Narahat olan piyadalar da sizin kimi insandır, qohumunuz, yaxınınızdır,” – bölmə rəisi vurğulayıb.
Qeyd edək ki, dayanma, durma, parklanma qaydalarının pozulmasına görə yol polisi tərəfindən fotomateriallar tərtib edildikdə İnzibati Xətalar Məcəlləsinə görə həmin sürücü 40 manat məbləğində cərimə olunur.