“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı və Dağlıq Qarabağın azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar günü İctimai Birlikdən deyiblər.
Tədbirin əvvəlində ümummilli lider liderin büstü önünə çiçəklər qoyulub, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən qısametrajlı film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyinin sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin daim qorunması, mədəniyyətimizin hər zaman inkişafı üçün hələ 1969-1982-ci illərdə Azərbaycanın birinci dəfə rəhbəri olan zaman gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına həmişə ulu öndərdən örnək götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib.
Bayram Səfərov eyni zamanda qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətdən xilas etdi və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynadı. Bayram Səfərov çıxışında qeyd edib ki, ümummilli lider xalqımızın tarixində əvəzolunmaz şəxsiyyət olaraq çox böyük rol oynamış və onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova məruzəsində ümummilli liderin siyasi fəaliyyətinin hərtərəfli nəzər salaraq bildirdi ki, ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın səviyyəsi səviyyəsi yüksəlib, Azərbaycan dövlətinin möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı tədbirlər həyata keçirilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyəinin üzvü, millət vəkili Elman Məmmədov çıxışında qeyd edib ki, 1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması ulu öndərin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində mümkün olub.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycan xalqının rifah halının yüksəldilməsi, Azərbaycan dövlətinin inkişafı naminə atılan addımlardan bəhs edib
Çıxış edənlər əminliklə vurğuladılar ki, ümummilli liderin siyasi kursunu çox uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşamızda yenidən dalğalanacaqdır.