Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstan parlamentinin vitse-spikerinin müşaviri, Macarıstanın MTİ informasiya agentliyinin sabiq prezidenti Şandor Daroqi aprelin 11-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) olmuşdur.
Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu barədə qonağa ətraflı məlumat vermişdir. Son illər Azərbaycanın nüfuzunun dünyada xeyli yüksəldiyini, respublikamızın regionun lider dövlətinə çevrildiyini söyləyən baş direktor bu uğurların artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açdığını diqqətə çatdırmışdır.
2013-cü ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini vurğulayan A.Aslanov son illər ölkəmizdə bu sahənin inkişafı istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir.
Azərbaycan səfərindən məmnunluğunu bildirən Şandor Daroqi hələ MTİ informasiya agentliyinin prezidenti işlədiyi dövrdən AzərTAc-ın fəaliyyətindən məlumatlı olduğunu bildirmiş, agentliyin ölkəmizin informasiya həyatındakı rolunu qeyd etmişdir.
Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə inkişaf dinamikasının məmnunluq doğurduğunu vurğulayan S.Daroqi ölkələrimiz arasında əlaqələrin genişlənməsində informasiya mübadiləsinin mühüm rolu olduğunu söyləmişdir.