Azərbaycan sentyabrda BMT Baş Assambleyasına davamlı inkişafla bağlı tövsiyələrini verəcək

BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə BMT-nin Baş Ofisində jurnalistlər üçün dayanıqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri, o cümlədən insan alveri və bu problemin aradan qaldırılması zamanı regionda və ölkədə qarşıya çıxan problemlər, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlər ətrafında təqdimat və müzakirə keçirilib.

Trend xəbər verir ki, BMT-nin İctimai İnformasiya Departamentinin (UNDPİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç qeyd edib ki, BMT dünyanın bir çox yerlərində cəmiyyətin müxtəlif təbəqələri ilə müzakirə və məsləhətləşmələr təşkil edir.

“BMT-nin “Minilliyin İnkişaf Hədəfləri” adlı uzunmüddətli inkişaf planı var. Bu tədbirin də məqsədi bu hədəflərə və onlara nail olma yollarına yenidən baxmaqdır. Bu tədbir də daxil olmaqla bundan sonra da bu kimi tədbirlər keçiriləcək və cəmiyyətin bir hissəsi olaraq jurnalistlərin də fikirləri nəzərə alınacaq”, Selimoviç qeyd edib.

BMT-nin Rezident Əlaqələndiricisi Ofisindən dayanıqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri üzrə mütəxəssis, BMT-nin Əlaqələndirmə məsələləri üzrə müşaviri xanım İradə Əhmədova bildirib ki, dünya artıq öz diqqətini Minilliyin İnkişaf Hədəflərinə (MİH) nail olmağa yönəldir.

Azərbaycanda 2015-ci ildən sonra inkişaf məsələləri “Azərbaycan-2020: Gələcəyə Baxış” konsepsiyası ilə uzlaşdırılacaq. BMT-nin Bakı ofisi isə bu işdə Azərbaycana dəstək verəcək.

Onun sözlərinə görə, bu ilin iyun-avqustunda dünya ölkələri arasında müzakirələr keçiriləcək, sentyabrda isə BMT Baş Assambleyasında davamlı inkişafla bağlı hər bir ölkə öz tövsiyələrini verəcək.

Müzakirələr zamanı insan alveri və miqrasiya məsələlərinə də toxunulub.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, 2010-cu illədək dünya əhalisinin 3 faizini (214 milyon nəfər) beynəlxalq miqrantlar təşkil edib. Qadın miqrantların sayı 107 milyon (50%), istisadi cəhətdən fəal əməkçi miqrantlar 105 milyon nəfər olub. Avropada miqrasiya 70 milyon, Asiyada 61 milyon, Şimali Amerikada 50 milyon nəfər təşkil edib. Miqrantların mənşə ölkələri əsasən Çin (35 milyon), Hinidistan (20 milyon), Filippin (7 milyon), əsas təyinat ölkələri isə ABŞ (42,8 milyon), Rusiya (12,3 milyon) və Almaniyadır (10,8 milyon).

Onun sözlərinə görə, daxili və xarici miqrasiya nəzərə alınsa, hazırda dünya əhalisinin hər 7 nəfərindən biri miqrantlardır. Miqrantların pul transferləri 400 milyard dollara çatıb.

Qeyd edilib ki, ölkələrin inkişafına müsbət təsiri ilə yanaşı, miqrasiya tənzimlənmədikdə ciddi problemlər də yarada bilər.

Tədbir çərçivəsində jurnalistlər arasında anket sorğusu da keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO