Azərbaycan və Qazaxıstanın strateji araşdırma mərkəzləri Xəzər mövzusunda birgə dəyirmi masa keçirib

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə iştirak edən iki ölkənin beyin mərkəzlərinin nümayəndələri “Xəzər dənizinin Azərbaycan üçün əhəmiyyəti və regional əməkdaşlığın milli perspektivləri”, “Qazaxıstan və Xəzər regionunda təhlükəsizliyə potensial təhdidlər”, “Xəzər dəhlizi: Şərq və Qərb arasında ticarət və enerji ixracı üçün artan əhəmiyyəti”, “Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafı: Qazaxıstanın baxışı” mövzularında müzakirə aparıblar.

SAM-in direktoru Fərhad Məmmədov bildirib ki, Qazaxıstan və Azərbaycan arasında əsas mövzulardan biri Xəzər dənizində təhlükəsizliyin təmin olunmasıdır: “Xəzər dənizi Azərbaycanın Mərkəzi Asiyaya çıxışına imkan verir, eyni tarixə malik xalqları birləşdirir. Lakin ortaq təhlükələr də var. Məsələn, qaçaqmalçılıq kimi təhlükəni misal kimi göstərə bilərik”.
F. Məmmədov əlavə edib ki, Xəzər dənizi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir, çünki bu dəniz vasitəsilə yük daşımaları artıb, Qazaxıstandan Azərbaycan vasitəsilə dünya bazarlarına mallar nəql olunur və bu amillər iki qardaş türk dövləti arasında əməkdaşlığı daha da inkişaf etdirməyə zamin yaradır.

Xəzərin əhəmiyyətindən və problemlərindən danışan Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun rəhbəri Bulat Sultanov isə bəyan edib ki, iki ölkəni eyni köklər birləşdirir və artıq müəyyən uğurlara nail olunub: “Dünya sürətlə inkişaf edir və dəyişilir. Bizim də əsas məqsədimiz bu dəyişiklikləri əvvəlcədən müəyyən edib, bununla bağlı proqnozlar hazırlamaqdır. Biz Azərbaycanla hər cür əməkdaşlığa hazırıq və ilk növbədə regional nöqteyi-nəzərdən ekoloji, təhlükəsizlik, Xəzərlə bağlı məsələləri müzakirə etməliyik. Azərbaycan və Qazaxıstan inkişaf edən ölkələr kimi dünyada baş verən proseslərə ortaq yanaşma hazırlaya bilər. Xəzərlə bağlı problemlər onun sahilində yerləşən ölkələrin ortaq problemləridir və öz maraqlarına uyğun olaraq onları həll edə bilərlər”.

Gələcək planları barədə danışan iki araşdırma mərkəzinin rəhbərləri bildiriblər ki, tərəflər daha sıx əməkdaşlıq etməyi planlaşdırır. B. Sultanov mayın 10-da Astanada Heydər Əliyevin 90 illiyi ilə bağlı tematik sərgi və tədbirlərin keçiriləcəyini söyləyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO