Ramil Usubov mərakeşli həmkarı ilə görüşüb


Martın 18-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Mərakeş Krallığının daxili işlər naziri Mohand Lanserin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir Bakıda keçirilən məlum konfransın böyük əhəmiyyət daşıdığını xatırladaraq terrorizmdən əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan üçün bu məsələnin aktual olduğunu, sözügedən qlobal xarakterli bəlaya qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Nazir müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin nəzarət altında olduğundan danışıb.
Daxili işlər naziri respublikamızın Mərakeş ilə əlaqələrinin yaranmasının 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin İslam Konfransı Təşkilatının zirvə toplantısında iştirak etmək məqsədilə həmin ölkəyə səfər etməsindən sonraya təsadüf etdiyini xatırladıb.
Daha sonra “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair Saziş” layihəsinin hazırlanaraq razılaşdırılması məqsədilə Mərakeş tərəfinə təqdim edildiyi, həmin sənədin qəbulunun iki ölkənin müvafiq strukturları, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcəyi bildirilib.
Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyəti qeyd edilib və bildirilib ki, qarşılıqlı faydalı əlaqələrin inkişafı ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edərdi.
Mərakeş Krallığının daxili işlər naziri Mohand Lanser səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirib, ölkəsindəki kriminogen durumla bağlı qısa məlumat verib, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə bütün dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların səylərinin birləşdirilməsinin zəruriliyi barədə cənab Ramil Usubovun mövqeyini bölüşdüyünü vurğulayıb.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və həmin ökənin respublikamızdakı səfiri Hassan Hami də iştirak ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO