Elmar Məmmədyarov Böyük Britaniya xarici işlər nazirinin müavini ilə görüşüb


Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya xarici işlər nazirinin müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluq bildirib və siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında, xüsusilə, enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığa diqqət çəkən nazir, dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırıb.

Freyzer, öz növbəsində, görüşə görə təşəkkürünü bildirib və ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb. O, Böyük Britaniya iqtisadiyyatına Azərbaycan tərəfindən sərmayələrin yatırılmasını təqdir etdiklərini və bunun davam etdirilməsinin arzu olunduğunu bildirib. Britaniyalı diplomat Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərpasına verdiyi töhfəni, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat verib. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini “status-kvo”nun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirib və münaqişənin həllinə nail olmaq üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Son zamanlar Ermənistan siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlarla əlaqədar nazir qeyd edib ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır və bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO