Kaliforniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti rəsmi görüşlər keçirib


Kaliforniya Ştat Senatının dəvəti ilə ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti Kaliforniya qanunverici və icraedici orqanlarının yüksək vəzifəli təmsilçiləri ilə görüşlər keçirib.
Azərbaycanın Los-Ancelesdəki konsulluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi və millət vəkilləri Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, həmçinin AR Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin daxili olduğu nümayəndə heyəti Kalforniya Senatının sədri Dərrel Staynberq ilə görüşüb. Staynberq Kaliforniya ilə Azərbaycan arasında münasibətlərin daha da gücləndirilməsinin qarşılıqlı faydalı xarakter daşıdığını diqqətə çatdırıb.
Seyidov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, bu münasibətlərin hər iki dövlətin və xalqın maraqlarına cavab verdiyini qeyd edib. Azərbaycanın Kaliforniya ilə əlaqələrin daha da genişləndirilməsi əzmində olduğunu bildirən S.Seyidov bu səpkidə Milli Məclis ilə Kaliforniya qanunvericilik orqanı arasında münasibətlərin möhkəmləndirilməsinin və səfər mübadilələrinin intensivləşdirilməsinin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini bildirib.
Kaliforniya qanunvericilik orqanının aşağı palatası olan Ştat Assambleyasının respublikaçılar fraksiyasının rəhbəri Konni Konvey ilə keçirilən görüşdə isə müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin güclü etnik və dini dözümlülük ənənələri, Azərbaycan-ABŞ münasibətləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO