Gürcüstanda son altı ayda ilk dəfə prezident və baş nazirin opponentləri arasındakı qarşıdurmada mühüm bir məsələ ilə bağlı razılıq əldə edilib.
Gürcüstan parlamenti “Xarici siyasətin əsas istiqamətləri haqqında” qərarı yekdilliklə qəbul edərək NATO və Aİ-yə daxil olmaq üçün kursun davam etdiriləcəyini bəyan etdi. Eyni zamanda, bu sənədə Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin bərpasının mümkün olmaması haqqında bənd də daxildir. Həmin bəndin sənədə salınması isə Moskva və Tbilisi arasında münasibətlərin tezliklə müsbət istiqamətdə baş tutacağına dair ehtimallara son qoydu.
Sənəd parlamentdə təmsil olunan baş nazirin “Gürcü arzusu ” koalisiyası və prezidentin “Vahid Milli Hərəkat” partiyasından olan 96 millət vəkili tərəfindən yekdilliklə qəbul edildi.
Beləliklə, Gürcüstanın xarici siyasətinin əsas istiqamətləri elan edildi və dövlətin təhlükəsizliyi, müstəqilliyi, müstəqilliyinin qorunmasının təmin edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası və ərazilərin işğaldan azad edilməsi, NATO və Aİ-yə daxil olmaq üçün səylərin artırılması, beynəlxalq sülhməramlı, polis və mülki əməliyyatlarında iştirakı davam etdirmək, 2014-cü ildən sonra da Əfqanıstanda NATO əməliyyatlarında iştirak etmək əsas vəzifə kimi qəbul edildi.
Sənəddə ABŞ “strateji müttəfiq” adlandırılıb və Gürcüstan 2008-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq Nizamnaməsinə” uyğun şərtlərlə dövlətlər arasında əlaqələri inkişaf etdirəcəkdir.
19 maddədən ibarət sənəddə birbaşa və ya dolayı yolla Rusiyanın adı yalnız üç dəfə qeyd olunur.
Belə ki, Gürcüstan dövlət maraqlarına zidd olmayaraq Moskva ilə münaqişələrin həlli, yaxşı qonşuluq münasibətləri və bu münasibətlərin inkişafı üzrə Cenevrədə ikitərəfli formatda beynəlxalq mexanizmlərə uyğun olaraq dialoq keçirəcəkdir. Başlıcası isə sənədə görə Rusiya ilə diplomatik münasibətlərin bərpasının mümkünsüzlüyüdür.
Sənəddə qeyd edilir ki, “Gürcüstanın Abxaziya və Tsxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyini tanıyan ölkələr ilə diplomatik münasibətləri ola bilməz”.Bu bəndə uyğun olaraq, Gürcüstan həmin dövlətlərlə hərbi-siyasi və gömrük ittifaqlarında da təmsil edilə bilməz. Məlumdur ki, söhbət MDB, KTMT, Avroasiya və Gömrük ittifaqından gedir.
Sənəd Gürcüstanın siyasi səhnəsində qarşılıqlı kompromis və güzəştin nəticəsi kimi qiymətləndirlə bilər, çünki müxalifət və iqtidar belə bir sənədin qəbul edilməsində həmrəylik nümayiş etdirdilər.
Baş nazirin tərəfdarlarının sənədin iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin inkişafına mane olmayacağını bildirmələrinə baxmayaraq, belə sənədin qəbulu hazırki siyasi və hərbi şəraitdə Rusiya-Gürcüstan münasibətlərinin gələcək həllinə son qoyur.
Eyni zamanda, müxalifət prosesi dayandırmaq niyyətində deyil. Onlar bu sənədin qanuni qüvvəyə malik olması üçün onun Konstitutsiya səviyyəsində həllinə nail olmağa çalışırlar.
Prezidentin tərəfdarları isə Gürcüstanın Avropaya inteqrasiya kursunu bir daha dövlətin əsas qanununda əks etdirməklə siyasi mübarizələrini bu istiqamətdə davam etdirəcəklərinə işarə edirlər.