Vasitəçilərin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə son görüşünü qeyri-adi hesab etmək olar. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, ümumiyyətlə martın əvvəllərində Parisdə Dağlıq Qarabağ nizamlanmasına dair görüş olmamalı idi. “Əvvəlki görüşdən sonra vasitəçilər regiona gələcəklərini bəyan etmişdilər. İndi birdən-birə Ermənistanda prezident seçkilərinin kobud saxtakarlıqla keçirilməsi fonunda növbəti görüş məsələsi meydana çıxdı”, – politoloq deyib.
O qeyd edib ki, paradoks olsa da, görüşü Ermənistanın xarici işlər naziri elan etdi.
Politoliqun sözlərinə görə, bu ərəfədə Türkiyənin xarici işlər naziri ötən ilin noyabrında Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklif verdiyi bəlli oldu.
“Bu,Türkiyənin ikinci təklifi idi. Dağlıq Qarabağın özünə toxunmadan, onun ətrafındakı 7 rayonu qaytarmaq şərtilə Türkiyə Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmasına şərait yaradır, Ermənistanla Türkiyə arasında Qars-Gümrü dəmiryolu və avtomobil yolları fəaliyyətə başlayır. Vasitəçilər və Ermənistan bu barədə heç bir məlumat vermədilər. Əksinə bu dövrdə də Türkiyənin Ermənistanı blokadada saxlamaq haqqında ittihamlarını davam etdirdilər”, – Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan XİN Türkiyənin təklifinə “yox” cavabı verməklə, Paris görüşünün vaxtını gecikdirməyə cəhd etməklə, Ermənistan tərəfi özünün Paris görüşünə cavabını müəyyənləşdirmişdi.
“Minsk Qrupunda vasitəçilər elə vəziyyət yaradıblar ki, Azərbaycan və Türkiyənin təklifləri müzakirə olunmur. Ermənistanın və vasitəçilərin ermənipərəst təklifləri isə aktual gündəlikdə saxlanılır. Belə olmasaydı, Dağlıq Qarabağ ərazisi çoxdan Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin dialoq və birgəyaşayış məkanına çevrilmişdi”, – Əhmədoğlu deyib.
O bildirib ki, Paris görüşündə fərqli davranış Azərbaycan tərəfdən nümayiş olundu. İlk dəfə idi ki, Azərbaycan tərəfi Ermənistan xarici işlər naziri ilə ənənəvi çərçivədə görüşməyəcəyini bildirdi.
“Bir gün əvvəldən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT MQ həmsədrləri ilə görüşüb onların dediyini öyrəndi, Azərbaycanın mövqeyini çatdırdı və geri qayıtdı. Növbəti gün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə suallar doğuran görüş keçirdi. Onun həmsədrlərlə, yoxsa ayrıca ABŞ-dan olan həmsədrlə görüşməsi bəlli deyil. Çünki 3 mart tarixində gecə səhərə qədər Nalbandyanın həmsədrlə görüşü barədə heç bir mənbədən məlumat yayılmadı”, – Əhmədoğlu deyib.
O qeyd edib ki, yalnız martın 4-ü axşama yaxın ATƏT MQ həmsədrləri və Ermənistan XİN-i görüş barədə məlumat yaydılar.
“Bundan bir az öncə isə ABŞ-ın ATƏT-dəki nümayəndəliyi E.Nalbandyanla görüşü barədə məlumat yaymışdı. Azərbaycan XİN başçısı Məmmədyarovun sonuncu görüş zamanı davranışının dəyişilməsini rəsmi Bakının vasitəçilərə və Ermənistana “şah” elan etməsi kimi başa düşmək daha düzgündür”, – politoloq vurğulayıb.