ƏN Ekspertiza Mərkəzinin yol nişanları barədə təkliflərinə dəstək reaksiyaları var

Azərbaycanda yol qəzalarının baş verməsinin səbəbləri müxtəlifdir. Bunun əsas səbəbi bir tərəfdən sürücülərin peşəkarlığının aşağı səviyyədə olmasıdırsa, digər səbəbi piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi ilə əlaqədardır.

Bir sıra sürücülər yol hərəkəti qaydalarına biganə yanaşır. Halbuki, qaydalara ciddi riayət olunsa, qəzaların sayı bu dərəcədə çox olmaz.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov mətbuata açıqlamasında bildirib ki, son zamanlar sürücülərin piyada xəttinin tələblərinə əməl etməsində xeyli müsbət dəyişiklik hiss olunur. Lakin piyadalar bir sıra hallarda işıqforun tələblərinə əməl etmir, təyin olunmamış yerlərdən keçir ki, bu da qəzalara səbəb olur. F.Cavadov açıqlamasında onu da qeyd edib ki, yol nişanlarının qurulması zamanı bir sıra nöqsanlara yol verilib. Onun fikrincə, yol nişanlarının əsasən magistral yollarda ehtiyac olan yerlərdə qurulmasına fikir verilməlidir, çünki yüksək sürətlə hərəkət edən avtomobilin xəbərdar olunmadığı təqdirdə törətmiş olduğu qəza əksər hallarda ölümlə nəticələnir.

Həqiqətən də bu gün baxsaq görərik ki, çox vaxt yol nişanları uyğunsuz yerlərdə quraşdırılıb. Harda ki, yol nişanının quraşdırılmasına daha çox ehtiyac duyulur, orada bu yoxdur. Harda ki, buna o qədər də ehtiyac yoxdur, orada sözügedən nişanları görmək olar. Bəzən sürücünün günahı olmadan hansısa qəza baş verəndə də haqlı olaraq avtomobil sahibi yol nişanının olmamasını əsas gətirir.

Maraqlıdır, ekspertlər problemin əsaslı həllini necə görür? “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalovun sözlərinə görə, o, mərkəzi magistral yollarda yol nişanlarının quraşdırılması məsələsindən çox ciddi şəkildə narahat və narazıdır: “Düzdür, magistral yolda bu kimi nişanların quraşdırılması yol-nəqliyyat hadisəsinin baş verməyəcəyinə tam zəmanət vermir. Ancaq bütün hallarda yollarda bu cür nişanlar olmalıdır. Ona görə ki, bu minvalla yol hərəkəti qaydalarını bilməyən insanlar onu öyrənəcək. Ən azından bu, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı piyadalarda, sürücülərdə müəyyən vərdişlərin formalaşmasına öz təsirini göstərəcək. Çünki insanlar yol nişanlarının mənasını, yolu haradan keçməsini anadangəlmə öyrənmir. Bunu zamanla öyrənirlər. O baxımdan, yollarda sözügedən nişanlar olsa, müəyyən məqamlara aydınlıq gətiriləcək. Çox təəssüflər olsun ki, mərkəzi magistral yollardan bir neçəsini çıxmaq şərtilə, rayonlararası yolların 80-90 faizində nişanlar ya ümumiyyətlə quraşdırılmayıb, ya da düzgün yerdə qoyulmayıb. Bu gün baxsaq görərik ki, Ələt-Astara magistralını və İpək yolunu çıxmaq şərtilə, qalan yolların 80 faizində yol nişanları yoxdur. Sözügedən işarələr həm qadağanedici, həm də məlumatverici yol nişanlarıdır. Qəzaların baş verməsində yol nişanlarının olmamasının rolu var”.

Ş.Camalovun fikrincə, bu cür problemlərin həllində mütləq ictimai nəzarətin təmin olunmasına ehtiyac var: “Həm ictimai nəzarət olmalıdır, həm də ictimaiyyətin iştirakı təmin edilməlidir. Xüsusən də bu sahə üzrə ixtisaslaşan təcrübəli QHT-lərin tövsiyələri nəzərə alınmalı və birgə iş görülməlidir. Hesab edirəm ki, bu cür yanaşma problemin həllini sürətləndirə bilər. Təəssüflər olsun ki, bizdə bu kimi məsələlərdə QHT-lərin müraciəti o qədər də nəzərə alınmır. Halbuki, mütəxəssislərlə birgə görüşüb məsləhətləşmələrin aparılması, monitorinqlərin keçirilməsi problemin həllinə daha çox fayda verə bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO