Azərbaycanın ilk peykinin orbitə buraxılması iki ölkə arasında genişlənən əlaqələrin növbəti bir nümayişidir

Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun üzvü Rodni Aleksandr Konqresdə bəyanatla çıxış edib. Trend-in məlumatına görə, ABŞ-ın Luiziana ştatını təmsil edən konqresmen R.Aleksandr bəyanatında ölkəmizin ABŞ-ın yaxın dostu və müttəfiqi olduğunu qeyd edərək, ilk peykinin uğurla orbitə buraxılması münasibəti ilə Azərbaycana öz təbriklərini ifadə edib.
Azərbaycan peykinin “Orbital Science Corporation” şirkəti tərəfindən ABŞ-da istehsal olunduğunu xatırladan konqresmen bu tarixi hadisəni iki ölkə arasında genişlənən əlaqələrin növbəti bir nümayişi kimi qiymətləndirib və bu peykin Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrinə mühüm telekommunikasiya xidmətləri göstərəcəyini bildirib.
O, habelə “Azerspace-1” peykinin orbitə çıxmasını Azərbaycan hökuməti və ABŞ-ın özəl sektoru arasında əməkdaşlığın kulminasiyası kimi təsvir edib.
R.Aleksandr Azərbaycanın bu peyk ilə yanaşı bir müddət əvvəl “Boeing” şirkətindən təyyarələr almaqla, ABŞ-ın aeronavtika sektoruna etimad göstərdiyini və bununla da iqtisadi inkişafın təşviqinə yardım etdiyini bəyan edib.
Sonda Konqresmen həmkarlarını bu tarixi hadisə münasibətilə Azərbaycanı təbrik etmək üçün ona qoşulmağa dəvət edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO