Gənclər siyasəti haqqında qanun

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu
Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
1.0.2. gənclər – yaşı 14-dən 29-dək olan şəxslər; [1]
1.0.3. gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn; [2]
1.0.4. istedadlı gənclər – təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər;
1.0.5. gənclər təşkilatları – gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılan qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar). [3]
Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri
3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. [4]
3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması; [5]
3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;
3.2.4. qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi.
Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri
4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;
4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;
4.0.4 gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi;
4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;
4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;
4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili;
4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması.
4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondunun yaradılması;
4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının təmin olunması;
4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi. [6]
II fəsil
GƏNCLƏR SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı
5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsini həyata keçirirlər. [7]
5.2. Dövlət gənclərin dünya görüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.
5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması , habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirirlər. [8]
5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər. [9]
5.5. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır. [10]
Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı
6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. [11]
6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.
6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər.
Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı
7.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir.
7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.
7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.
Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi
8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir.
Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər. [12]
8.2. Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.
8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir.
8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar. [13]
8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi , işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, gənclərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş gənclər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.[14]

Maddə 9. Gənc ailələrə dövlət yardımı [15]

9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və ssudalar verilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılmasını təmin edir və informasiya bankını yaradır.”.
Maddə 10. Gənclər təşkilatlarına dövlət yardımı
10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.
10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil edilir.
10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər. [16]
III fəsil
GƏNCLƏR SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN TƏŞKİLATİ, MADDİ VƏ MALİYYƏ TƏMİNATI
Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı
Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər.
Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı
12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə uyğun olmalıdır.
12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.
Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı
13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
13.2. Gənclər siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 14. Yekun müddəaları
14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, ¹ 24, maddə 446) qüvvədən düşmüş hesab edilir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2002-ci il
¹ 297-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746)

2. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 171)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 1.0.2-ci maddədə “yaşı 16-dan 35-dək” sözləri “yaşı 14-dən 29-dək” sözləri ilə əvəz edilmişdir.

[2] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 1.0.3-cü maddədə “gənclərin nikaha daxil olmasından yaranan ailə” sözləri “yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə” sözləri ilə əvəz edilmişdir.
[3] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 1.0.5-ci maddədə “ödənilməsi” sözündən sonra “və s.” sözləri əlavə edilsin, “ictimai birliklər və fondlar” sözləri “qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” sözləri ilə əvəz edilmişdir.

[4] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 3.1-ci maddədə “reallaşdırılmasına” sözündən sonra “, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına” sözləri əlavə edilmişdir.

[5] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 3.2.2-ci maddədə “onların” sözündən sonra “intellektual və” sözləri əlavə edilmişdir.

[6] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə Qanuna aşağıdakı məzmunda 4.0.10-cu – 4.0.13-cü maddələr əlavə edilmişdir.
[7] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 5.1-ci maddədən “, o cümlədən teatr tamaşalarına cəlb edilməsi sahəsində tədbirlər” sözləri “cəlb edilməsini” sözləri ilə əvəz edilmişdir.

[8] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 5.3-cü maddədə “aradan qaldırılması” sözlərindən sonra “, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası” sözləri əlavə edilmişdir.

[9] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 5.4-cü maddədə “Gənclərin” sözündən sonra “və gənclər təşkilatlarının” sözləri əlavə edilmişdir.

[10] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə Qanuna yeni məzmunda 5.5-ci maddə əlavə edilmişdir.
[11] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 6.1-ci maddədə “istedadlı” sözündən sonra “və yaradıcı” sözləri əlavə edilmişdir.

[12] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 8.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir.

[13] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 8.4-cü maddədə “təsərrüfatla” sözü “o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə” sözləri ilə əvəz edilmişdir.

[14] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə Qanuna yeni məzmunda 8.5-ci maddə əlavə edilmişdir.
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 171) ilə 8.5-ci maddəsində “gənclərin” sözündən sonra “müddətli” sözü əlavə edilmişdir, bənddən “, işçilərin sayının və ştatlarının ixtisarı halları” sözləri çıxarılmışdır və maddəyə ikinci cümlə əlavə edilmişdir.

[15] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 9. Gənc ailələrə dövlət yardımı
Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli kreditlər və ssudalar verilə bilər.

[16] 8 may 2007-ci il tarixli 331-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 746) ilə Qanuna aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO