Azərbaycan Prezidenti İlham Əliyev akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ölkəmizdə elmin inkişafında və onun nailiyyətlərinin tanıdılmasında, eləcə də yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur.
Mirəsədulla Mirqasımov Azərbaycanda müasir tibb elminin və ali tibb təhsilinin əsasını yaradanlardan biri olaraq özünün məktəbini formalaşdırıb, respublika Elmlər Akademiyasının prezidenti kimi elmin təşkili işinə dəyərli töhfələr verib.