Azərbaycan və Xorvatiya hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzaladı

Azərbaycan və Xorvatiya arasında hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçlə görüşü olub.

Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıblar. Nazir Səfər Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə ətraflı məlumat verib. O bildirib ki, problem sülh şəraitində həll olunmadığı təqdirdə ordunun imkanlarından istifadə ediləcəyi qaçılmazdır.

Xorvatiyalı qonaq çıxışı zamanı Azərbaycanla hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Sonda nazirlər hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumunu imzalayıblar.

Görüşdə Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO