Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmık fikrindədir. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar çərşənbə günü keçirilən brifinqdə bəyan edib.
“Bu gün iki ölkə arsında 125 sənəd imzalanıb, dövlət qurumları arasında ikitərəfli əməkdaşlığa dair daha beş sənədə baxılma mərhələsindədir”, – Mişenko deyib.
Onun sözlərinə görə, ötən il mal dövriyyəsinin həcmi 900 milyon dollardan artıq təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə onun artımından xəbər verir.
Səfir əlavə edib ki, yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Mişenkonun sözlərinə görə, Ukrayna şirkətləri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının hazırlanması çərçivəsində layihələrdə iştirak etməyi planlaşdırır. İştirak məsələsinə hökumətlərarası komissiyanın növbəti iclasında baxılacaq.
Habelə diplomatın sözlərinə görə, bir sıra ikitərəfli səfərlər planlaşdırılır.
“Ukrayna XİN-nin rəhbəri, ATƏT-in hazırki sədri Leonid Kojaranın ilin birinci yarısında Azərbaycana səfərinə hazırlıq gedir”, -Mişenko deyib.