Mülkiyyət hüququ Konstitusiya və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla qorunur. Son dövrlər iqtisadiyyatımızda özəl mülkiyyətin payı artmaqdadır. Bununla yanaşı daşınmaz əmlaklarla bağlı qanun pozuntularının sayının artması müşahidə olunur.
Azərbaycan Hüquq islahatları Mərkəzi (AHIM) İctimai Birliyinin üzvü, vəkil Adil Hacalıyev Trend-ə bildirib ki, mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin (çıxarış, qeyd.vəsiq. və s .) eləcə də bu hüquqların həyata keçirilməsinə əsas verən digər sənədlərin (məsələn etibarnamələrin, müqavilələrin, şəxs. vəsiq. və s. ) saxtalaşdırılması yolu ilə həmin əmlaklar qeyri-qanuni şəkildə mülkiyyətçinin iradəsinin əleyhinə olaraq özgəninkiləşdirilir və ya bu və ya digər formada yüklü (girov və s. ) edilir.
“Bəzi hallarda bu məsələlər cinayət qanunvericiliyində nəzərdə tutulan qaydada, digər hallarda isə mülki qanunvericilik normaları tətbiq edilməklə həll edilir, lakin heç də həmişə mülkiyyətçinin hüquqlarını axıradək qorumaq, ona mülkiyyət hüququ əsasında məxsus olan əmlakı geri qaytarmaq və ya ona dəymiş ziyanın tam ödənilməsini təmin etmək mümkün olmur”, vəkil deyib.
Hacalıyevin sözlərinə görə, 2005-ci ildən sonra Mülki Məcəllədə “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası” prinsipinin tərbiq edilməsi praktikada daha çox yeni mülkiyyətçinin (vicdanlı sahib) hüquqularının qorunmasına şərait yaradır, əvvəlki mülkiyyətçinin mülkiyyət hüquqlarına isə xitam verilir, əksər hallarda onun əmlakının real dəyərinin, o cümlədən, dəymiş zərərin əvəzinin ödənilməsi praktiki cəhətdən mümkün olmur.
O bildirib ki, bu sahədə məsələnin qanunvericilik baxımından həllinin təkmilləşdirilməsi nə qədər təqdirəlayiq hal olsa da, halların qaşısının alınmasının texniki cəhətdən həlli ilə bağlı da bir sıra mühüm addımlar atılmalıdır.
“Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və bunula bağlı bütün hərəkətlərin qeydiyyatının elektron vasitələrlə aparılmasını nəzərə alaraq hesab edirəm ki, bir sıra texniki yeniliklərin həyata keçirilməsi məqsədəuyğundur”, vəkil deyib.
Hacalıyev təklif edir ki, hər bir mülkiyyətçi internet vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasına daxil olmaqla, ona məxsus əmlakla bağlı reyestrdən çıxarışın nömrəsini və ya tarixini daxil etməklə, ona məxsus əmlakın özgəninkiləşdirilməsi və ya bu və ya digər formada yüklü edilməsi (girov, həbs və s.) barədə məlumat alsin.
Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı və ya sonradan hər bir mülkiyyətçi (lər) ona (onlara) məxsus əmlakla bağlı qeydiyyat bazasına müəyyən qeyd-şərt əlavə edə bilər.
“Məsələn, onların yazılı ımüraciəti əsasında onların əmlaklarının etibarnamə əsasında özgəninkiləşdirilməsi və ya bu və ya digər formada yüklü edilməsi (girov, həbs və s.) ilə bağlı qadağa qoyula bilər. Həmin qadağaya görə bu əmlakın özgəninkiləşdirilməsi və ya yüklü edilməsi ilə bağlı hərəkətlər yalnız mülkiyyətçinin özü tərəfindən aparıla bilər. Zəruri hallarda belə bir qadağanın sonradan götürülməsi də yalnız mülkiyyətçinin yazılı müraciəti əsasında aparılmalıdır”, vəkil vurğulayıb.
Onun fikrincə, mülkiyyətçinin Reyestr Xidmətinə etdiyi xüsusi müraciəti və ya Xidmətlə bağladığı müqaviləyə əsasən müəyyən müddət ərzində (1, 2 il və s.) ona məxsus əmlakla bağlı hər hansı bir hərəkət aparılarsa (arayışların-forma ¹1 alınması, əmlakın özgəninkiləşdirilməsi, girov, həbs qoyulması və s.) mülkiyyətçinin təqdim etdiyi elektron poçt ünvanına və ya mobil telefon nömrəsinə bu barədə məlumat (mesaj) göndərilə bilər.
Praktikada bu qaydanın özünü doğruldacağına əmin olan vəkilin sözlərinə görə, bu yeniliyin tətbiqindən sonra mülkiyyətçi ona məxsus əmlakla bağlı zəruri sənədlərdən sayılan yüklulük barədə arayış (forma ¹1) verilməsindən dərhal xəbər tutaraq, hər hansı bir qanunsuzluğun qarşısını almaq imkanına malik olacaqdır.
“Belə bir xidmət Reyestr Xidməti tərəfindən ödənişli qaydada da aparıla bilər, nəzərdə tutulan müddət bitdikdə mülkiyyətçi yeni ödəniş aparmaqla bu müddəti uzada bilər. Bu məlumatın göndərilməsi reyestr xidmətinin əməkdaşlarının vaxt və əmək sərfiyyatına səbəb olmayacaq. Çünki belə bir məlumat (mesaj) xüsusi proqramlaşdırma vasitəsilə əməkdaşların müdaxiləsi olmadan avtomatik surətdə elektron vasitələrlə həyata keçiriləcək”, Hacalıyev deyib.
Onun sözlərinə görə qeyd olunan texniki yeniliklər hər bir mülkiyyətçiyə istər Respublika hüdudlarında, istərsə də ondan kənarda olduqda ona məxsus əmlak barədə mütamadi məlumat almaq imkanı yaradır. Eləcə də saxta sənədlər (etibarnamə, müqavilə, şəxs.vəsiq. və s.) əsasında onun mülkiyyət hüquqlarının pozulmasının qarşısını almış olacaq.