Ukrayna Nazirlər Kabinetinin mətbu orqanı olan “Uryadovıy Kuryer” qəzetində Azərbaycanın sosial-iqtisadi inkişafını özündə əks etdirən geniş məqalə dərc olunub.
Trend-in məlumatına görə, “İnkişafın Azərbaycan modeli” və yaxud “Avropa ittifaqı ölkələrinin iqtisadiyyatındakı böhran durumunun Azərbaycana təsir etməməsi amilləri” başlığı ilə dərc olunan məqalədə son 9 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan qlobal sosial-iqtisadi islahatlar, Azərbaycanın avroatlantik məkana sürətli inteqrasiya siyasəti, ümumiyyətlə, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində inşa olunan qlobal transneft-qaz kəmərinin çəkilməsi, Azərbaycanda əhalinin rifah halının yüksəldilməsi naminə milli strategiyanın əsas prinsip kimi götürülməsi statistik rəqəmlərin dili ilə geniş oxucu auditoriyasına təqdim olunub.
Azərbaycanın əməkdar jurnalisti Faiq Hüsiyevin yazdığı məqalədə öz iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanın əksər şəhər və rayonlarında müasir tipli məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin inşa olunması dövlətimizin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri kimi səciyyələndirilib.
Azərbaycanın MDB məkanında ən çox beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrildiyini qeyd edən müəllif, ötən il “Eurovision” beynəlxaq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının ilk dəfə Bakı şəhərində keçirilməsi haqqında çıxarılmış qərarı ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək inam və etibarın məntiqi nəticəsi kimi dəyərləndirib.
50 min tirajla yayımlanan nüfuzlu mətbu orqanda daha sonra Azərbaycanda yerli və xarici investorlara yaradılan münbit şəraitdən söz açılır. Məqalədə qeyd olunur ki, ötən 9 ildə Azərbaycanda iqtisadi dirçəliş 3 dəfə, yəni 300 faiz artıb ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.
Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinə aydınlıq gətirən müəllif məqalədə beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin dinamik inkişafına da geniş yer ayırıb. Dəqiq faktlarla ölkəmizin iqdisadi inkişafının mənzərəsinə aydınlıq gətirən məqalədə Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın gələcəkdə daha böyük uğurlara imza atacağı vurğulanıb.