NATO Dəstək Agentliyi Bakıda məlumatlandırma simpoziumunun keçirilməsini təklif edir

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti NATO Dəstək Agentliyinin (NSPA) – keçmiş NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) Lüksemburqda yerləşən Baş Qərargahına səfər edib.
Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, səfər zamanı NSPA-nın baş meneceri Mayk Liden ilə görüş keçirilib və NSPA ekspertləri ilə hazırkı əməkdaşlığın inkişafı və yeni imkanlar üzrə təfərrüatlı müzakirələr aparılıb. NSPA mütəxəssisləri tərəfindən bu qurumun strukturu, funksiyaları, onun loqistik əməliyyatları və Əfqanıstanda fəaliyyəti barədə brifinqlər verilib.
Həmçinin, görüşlər zamanı NSPA ilə ölkəmiz arasında həyata keçirilmiş “Melanj” və “Saloğlu” layihələrinin uğurlarına söykənən Ceyrançöl Etimad Fondu layihəsinin gedişatı barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər sonuncu layihənin müvəffəqiyyətlə davam etdiyini və layihənin birinci mərhələsinin gələn ilin may ayında müvəffəqiyyətlə bitəcəyinə ümid etdiklərini bildiriblər.
Etimad Fondları ilə yanaşı, digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Bu məqsədlə NSPA tərəfi ölkəmizə bu ilin ikinci yarısında Bakıda NSPA-nın məlumatlandırma simpoziumunun keçirilməsini təklif edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO