“Hər şeydən öncə ortada Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı problem var. Bu baxımdan da diqqətləri başqa yönə çəkəcək hərəkətləri heç bir şəkildə düzgün qəbul etmirəm”. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun Ermənistanın Xocalı aeroportundan uçuşlara başlayacağı barədə xəbərləri APA-ya belə şərh edib.
O ölkəsinin xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı rəsmi açıqlama verdiyini xatırladıb. Azərbaycan Nazirlər Kabinetinin də ölkənin hava məkanını icazəsiz pozacaq istənilən təyyarənin vurulacağı barədə qərarına münasibət bildirən səfir qeyd edib ki, hava məkanı da hər bir ölkələrin milli suverenlik məkanıdır: “Onun istifadəsi də beynəlxalq şəkildə qəbul edilmiş müəyyən qanunlarla tənzimlənir. Həmçinin hava məkanının qorunması ilə bağlı addımlar da bu qanunlarda göstərilir. Azərbaycan tərəfi də verdiyi bu açıqlamalarla bu qanunların ona verdiyi hüquqa əsaslanır”.
Apa.az