“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək” tvinning layihəsinin yekun nəticələrinə dair tədbir keçirilib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Ombudsman Aparatının 24 aydır birgə həyata keçirdiyi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək” tvinning layihəsinin yekun nəticələrinə dair tədbir keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən ombudsman Elmira Süleymanova tvinning layihəsinin 4 komponentdən ibarət olduğunu deyib. O bildirib ki, layihə insan hüquqları üzrə idarəetmənin təşkili, insan hüquqlarının inkişafına dəstək, idarəetmə üzrə təlimlərin keçirilməsinə və digər sahələrə həsr olunub.

E. Süleymanova qeyd edib ki, layihə çərçivəsində 7 Avropa ölkəsindən 30-dan çox ekspertlərin də iştirakı ilə saxlanma yerləri, psixiatrik hospitallar, cəzaçəkmə müəssisələrinə baxış keçirilib, effektiv monitorinq hesabatı üçün məlumat bazası yaradılıb: “Uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsi, əlillərin sosial durumunun yaxşılaşdırılması, ahıllara qarşı ayrı-seçkiliyə yol verilməməsi, hər cür zorakılığın qarşısını almaq üçün təlimlər keçirilib, strateji tədbirlər planları tərtib olunub”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın Aİ  ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici investoru və ticarət tərəfdaşıdır: “Bu da iqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradır. Aİ ilə əməkdaşlığımızın genişləndirilməsi  üçün potensialımız çoxdur. Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşıq. Yeni saziş də Aİ ilə əməkdaşlığı strateji səviyyəyə qaldırmağa yönəlib. 1992-ci ildən etibarən Aİ tərəfindən 600 milyon avro həcmində müxtəlif texniki layihələrlə Azərbaycana dəstək verilib. Tvinning layihələri üzrə Azərbaycan regionda ilk yeri tutur. 45 tvinning layihəsindən 31-i başa çatıb, 12-si icra edilir, 2-si isə hazırlanmaqdadır”.

Polşanın Azərbaycandakı səfiri Marek Calka bu layihələrin qarşılıqlı anlaşmaya xidmət  etdiyini söyləyib. Polşa və Azərbaycan arasında hüquq sisteminin transformasiyası, penitensiar sistemin islahatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Tereza Şönfeld bildirib ki, Almaniya  Azərbaycan insan hüquqları üzrə müvəkkillik institutunun əsas tərəfdaşlarından biri olub. O, institutun köməyi ilə insan hüquqlarının Avropa standartlarına uyğun qorunmasına ümidvar olduğunu ifadə edib. O, Azərbaycanı bu tvinning layihələrindən faydalanmağa çağırıb.

Tədbir çıxış və müzakirələrlə davam etdirilib.

APA

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO