Azərbaycanlı deputat Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Parlamentinin deputatı Ceyhun Osmanlı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib.

Trend-in məlumatına görə, mayın 23-24-də Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 75 ölkəni təmsil edən 250 parlamentarinin iştirakı ilə Bakı şəhərində illik toplantısı keçirilib. Konfransın yerli təşkilatçısı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır.

Toplantıda dünyada qlobal iqtisadi və sosial məsələlərin müzakirəsi ilə yanaşı, qurumun İdarə Heyətinə seçkilər keçirilib. Azərbaycan Parlamentinin deputatı Ceyhun Osmanlı seçkilərdə müvəffəqiyyət qazanaraq qurumun İdarə Heyətinə üzv seçilib.

Azərbaycanla yanaşı, Kanada, Böyük Britaniya, İsveç, Hindistan, Türkiyə və digər ölkələrin parlamentariləri olmaqla, ümumilikdə 12 nəfər Parlament Şəbəkəsinin İdarə Heyətinə üzv seçilib. Ceyhun Osmanlı bu vəzifəyə seçilən ilk azərbaycanlı, eyni zamanda, post-sovet ölkələrindən olan yeganə parlamentaridir.

Ceyhun Osmanlı Azərbaycanın Dünya Bankı ailəsində mövqeyi ilə bağlı bildirib ki, Azərbaycan son 20 ildə Dünya Bankı ailəsində ən proqressiv mövqeyə malikdir: “Belə ki, Azərbaycan kasıb ölkədən orta gəlirli ölkəyə, daha sonra isə yuxarı orta gəlirli ölkəyə çevrilir. Bu il Azərbaycan könüllü olaraq Beynəlxalq İnkişaf Agentliyinə borcunu ödəyərək donor ölkəyə çevrilmək istiqamətində addım atır. Bu, dövlətimizin siyasətinin düzgün yolda olduğunu göstərir”.

Ceyhun Osmanlı öz uğurunu isə dövlətimizin dünyada artan nüfuzunun hər bir Azərbaycan vətəndaşının dünyadakı mövqeyinə müsbət təsir etməsi səbəbi ilə izah edib.

Qeyd edək ki, bu şəbəkə 2000-ci ildə təsis edilib, bütün dünyadan 2 mindən artıq parlamentarini əhatə edir və təşkilatın baş ofisi Parisdə yerləşir. Şəbəkə Dünya Bankının ofisinin olduğu bütün ölkələri əhatə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO