Avropa Şurası obyektiv olmalı və ikili standartlara son qoymalıdır

Avropa Şurası obyektiv olmalı və ikili standartlara son qoymalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan plenar sessiyası çərçivəsində 18 fevral 2013-cü ildə Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
S.Seyidov çıxışında keçirilən seçkilərlə bağlı məruzədə yer alan faktların reallığı əks etdirmədiyini qeyd edib.
“Ermənistan da Azərbaycan kimi Avropa Şurasının yeni üzvüdür. Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin müzakirəsində təssüflər olsun ki, seçkilərin nəticələri ilə bağlı müsbət reaksiyaların səsləndirildiyini eşitdik. Lakin biz Ermənistanda nələr baş verdiyini yaxşı bilirik. Məruzədə azad seçkilər keçirildiyinə dair məlumatlara rast gəlinir. Məruzədə habelə seçkilərin mütərəqqi keçirilməsinə dair fikirlər yer almışdır. Seçicilərin siyahısı seçkinin mütərəqqi və real keçdiyini təmamilə əks etdirmir. Bundan əlavə, seçkilərin sakit şəraitdə keçməsinə dair fakt da həqiqətə uyğun deyildir. Bu bir həqiqətdir ki, seçki ərəfəsində namizədlərə hucumlar olmuş, hətta bir namizədə odlu silahdan atəş açılmışdır” – Seyidov deyib.
Nümayəndə heyətinin sədri Avropa Şurasını obyektiv olmağa və hər bir məsələyə açıq gözlə baxmağa dəvət edib.
“Məruzədə əvvəlki seçkilərlə müqayisədə bu il keçirilən prezident sekilərində mühüm proqres əldə edildiyinə dair fikirə də rast gəlinir. Yəqin ki, məruzədə builki seçki ötən seçkiyə etiraz əlaməti olaraq keçirilən nümayişdə 20 nəfər öldürülməsi ilə müqayisədə proqres kimi qiymətləndirilir. Bu məruzədən belə nəticə çıxarmaq olar ki, sabah Avropa Şurasının başqa bir ölkəsində seçki keçiriləcəkdir. Belə çıxır ki, həmin ölkədə seçki zamanı prezidentliyə namizədə odlu silahdan atəş açılırsa, hədələnirsə və siyahıda dəyişiliklər edilirsə, beynəlxalq müşahidəçilər bunu Avropa Şurasının qiymətli dəyərlərinin qorunub saxlanması istiqamətində irəli atılan addım kimi dəyərləndirəcəklər? Biz Ermənistanda demokratik proseslərin tərəfdarıyıq. Biz Avropa Şurasında obyektiv olmağı və hər bir məsləyə açıq gözlə baxmağı xahiş edirik. Bu gün Almaniya prezidenti açıq şəkildə bildirdi ki, ikili standartlardan uzaq olmaq lazımdır. Məruzədə ikili standartlara yol verdiyini aydınca görmək olur. Gözlərinizi açın! Obyektiv olun! Bu, yalnız Ermənistanda deyil, Avropa Şurasının bütün üzv ölkələrində yaranmış vəziyyəti aradan qaldırmaq üçün yeganə yoldur” – deyə millət vəkili çıxışını bitirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO