Məhkəmə-Hüquq Şurası 10 hakimin səlahiyyətlərinə xitam verib

Məhkəmə-Hüquq Şurası 10 hakimin səlahiyyətlərinə xitam veribMəhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanmış, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 22.06.2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklərin ölkəmizin məhkəmə sisteminin inkişafını şərtləndirdiyi qeyd olunmuşdur.

Həmin qanunun tətbiq olunması və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə ölkə Prezidentinin fərmanları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında yeni mühüm mərhələ təşkil etmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin – Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir.

Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilmiş, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilmişdir.

Həmçinin, iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılmış, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanmışdır.

Aparılmış qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinmiş 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilmiş, 10 hakimin səlahiyyətlərinə xitam verilmiş, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir.

Həmçinin, iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilmiş, Zərdab rayon məhkəməsinin hakimi Ağamməd Qarayevə və Ağdam hərbi məhkəməsinin hakimi Abbas Abbasova irad tutulmuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO