“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi müzakirə olunacaq

Sentyabrın 7-də BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi müzakirə olunacaq. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. Həmin gün assambleyanın gündəliyinin 14-cü maddəsini təşkil edən “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsirləri” məsələsi də müzakirə olunacaq.

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.

Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.

Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb.

Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO