UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığına qarşı qanunun qəbulunu vacib sayır

UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır. “Qonşu Gürcüstan və Türkiyədə məişət zorakılığının qarşının alınması barədə qanun olsa da, Azərbaycanda bu qanun qəbul edilməyib. Azərbaycanda bununla bağlı qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu ailələrdə mübahisəyə yol açmayacaq. Azərbaycanda tezliklə belə bir qanunun qəbul olunacağına inanıram”, – Trend News-un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda keçirilən dinləmələrdə ATƏT-in Bakı Ofisin rəhbəri Əli Bilge Cankorel bildirib.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə çıxışında deyib ki, təmsil etdiyi qurum qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına 2002-ci ildə start verib. “Kampaniya çərçivəsində müəyyən tədbirlər planı var, o cümlədən qadınlara qarşı zorakılığın qarşısını almaq üçün konvensiya layihəsi hazırlanıb. Zorakılıq problemi dünyanın hər yerində var. Bunun əksini iddia etmək özünü aldatmaq deməkdir”, – Kotek deyib.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard da bildirib ki, qadınlara qarşı zorakılıq hər yerdə var. Nümayəndə deyib ki, bu məsələ 2010-cu ilə kimi araşdırılmalı və bu sahəyə aid qanunlar qəbul olunmalıdır. “BMT hazırda Azərbaycanda sorğular keçirərək bu sahədə vəziyyəti araşdırır. Azərbaycanda qadınlara qarşı zorakılığın dayandırılması ilə bağlı xüsusi qanun layihəsi hazırlanır. Zorakılığın qarşısının alınması dedikdə müəyyən tədbirlərin həyata keçirilməsi – bu sahəyə aid polisin yaradılması, qanunvericiliyin tam formalaşdırılması, xüsusi proqramların qəbulu nəzərdə tutulur”, – Herevard əlavə edib.

Azərbaycan Parlamenti 2008-ci ildə “Məişət zorakılığı haqqında” qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb. BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO