Həmsədr ölkələrin XİN başçıları bəyanatla çıxış etmişlər

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçirilən 17-ci iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3+2 formatında görüş olmuşdur. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, habelə vasitəçilər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov və digər şəxslər iştirak etmişlər.

Görüşdən sonra həmsədr ölkələrin XİN başçıları birgə bəyanatla çıxış etmişlər. XİN başçıları bəyanatlarında Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda müsbət dinamikanın olduğunu bildirmiş, danışıqların intensivliyinin artırılmasına qərar vermişlər. Vurğulanmışdır ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsi vacibdir.

S.Lavrov, B.Kuşner və C.Steynberq ölkələrinin başçılarının cari il iyulun 10-da Akvildə verdikləri bəyanatı təkrarlayaraq, sabitliyə və sülhə imkan verəcək baza prinsipləri üzrə razılaşmanı başa çatdırmaq üçün Azərbaycanın və Ermənistanın dövlət başçılarına dəstək verməkdə davam edəcəklərini vurğulamışlar.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri də bu il ərzində danışıqlarda tərəqqi əldə olduğunu bildirmişlər. Nazirlər nəticə əldə olunması üçün səyləri davam etdirmək arzusunda olduqlarını vurğulamışlar.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO