Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaq

Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaq, bunu çərşənbə axşamı Trend News-a deputat Musa Quliyev bildirib. “Azərbaycanda qeydiyyatda olan 2500-ə yaxın QİÇS xəstəsinin 65,5 faizi bu virusa venadaxili narkotiklərin qəbulu yolu ilə yoluxub. Həmin proqram tətbiq olunmaqla belə xəstələrə venadaxilinə vurmaq üçün metadon dərmanı veriləcək. QİÇS-lə mübarizə sahəsində hazırlanmış yeni qanun layihəsində bu proqramın tətbiqi nəzərdə tutulub”, – Quliyev deyib.

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, problem aktual məsələ olaraq qalır. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə təkcə 2009-cu ilin 6 ayı ərzində 220 yeni HİV-ə yoluxma faktı aşkar olunub. HİV-ə yoluxmuş insanlara pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində başlanılmış antiretrovirus (ARV) preparatları ilə müalicəyə 250-dən çox xəstə cəlb olunub. Onlardan 58 nəfərində müalicəyə 2009-cu ilin birinci yarısında başlanılıb.

Quliyev deyib ki, QİÇS xəstələri könüllü şəkildə qeydiyyatda olduğu dispanserdən həmin dərmanları ala biləcəklər. Millət vəkili hesab edir ki, zərərin azaldılması proqramını tətbiq etməklə həm cinayətkarlıq azalacaq, həm də narkomanların psixoloji aslılığı aradan qaldırılacaq.

Parlament rəsmisinin sözlərinə görə, əvvəlki qanundan fərqli olaraq yeni qanunda QİÇS xəstələrinə qarşı humanist münasibət ön plana çəkilir və onlara qarşı diskriminasiyaya yol verənlər qanunla məsuliyyətə cəlb olunacaqlar. Yeni qanun layihəsində QİÇS xəstəliyinin sosial problemli xəstəlik olması və belə xəstələrin dövlət hesabına müalicəsi öz əksini tapıb. Millət vəkili bildirib ki, yeni layihədə həbsxanalarda və cəzaçəkmə müəssisələrində saxlanılan QİÇS virusuna yoluxmuş məhkumlara şprislərin və qoruyucu vasitələrin paylanması nəzərdə tutulub.

Quliyevin sözlərinə görə, yeni layihədə əmək miqrantları ilə bağlı müddəalar da yer alıb. Belə ki, QİÇS-in daha çox yayıldığı Rusiya və Ukraynada Azərbaycandan olan əmək miqrantları kifayət qədərdir. “Həmin ölkələrdə işləyən ailə başçıları çox vaxt virusun daşıyıcıları olurlar. Onların ailələrinə könüllü şəkildə müayinələrdən keçmək və qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur”, – deyə millət vəkili bildirib.

Ali və orta məktəblərdə bu xəstəliylə bağlı maarifləndirmə işinin gücləndirilməsi məqsədilə əlavə dərs saatlarının salınması da planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO