Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə  dəstək missiyası ilə görüş olub
BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olan Azərbaycan bu mötəbər qurumun 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də konkret fəaliyyət istiqamətləri üzrə məqsədyönlü iş aparır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nazirlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BMT-nin aparıcı mütəxəssislərindən və texniki eskpertlərdən ibarət missiyanın ölkəmizə səfərində məqsəd milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasında və bu Məqsədlərin icrası üçün milli çərçivənin işlənməsində institisional dəstəyin göstərilməsidir.

İ.İsayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafa, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Proqramının əsas hədəflərinə nail olunması sahəsində mühüm addımların atılmasına imkan yaratdığını vurğulayıb: “Son 13 ildə 3,4 dəfə iqtisadi artımın əldə edildiyi, qeyri-neft sektorunun ÜDM-də payının 70 faiz səviyyəsinə çatdığı ölkədə iqtisadi şaxələndirmə, regional inkişafın təmin olunması 1,6 milyon iş yerinin yaradılması, işsizlik səviyyəsinin 5 faizə düşməsi ilə nəticələnib. Müvafiq dövlət proqramları nəticəsində yoxsulluğun minimum səviyyəyə – 5 faizə enməsinə, Azərbaycanın yüksək orta gəlirli ölkələr sırasında yer tutmasına nail olunub. Qeyd olunan dövrdə ölkə əhalisinin gəlirləri də 7,9 dəfə və cari ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artıb. Şəffaf və əlverişli biznes mühiti təkcə ötən il milli iqtisadiyyata 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycan, həmçinin BMT-nin İnkişaf Proqramının həyat səviyyəsi, savadlılıq, təhsillilik, uzun və sağlam ömür meyarlarına əsaslanan “İnsan İnkişafı Hesabatı”nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub”.

Nazir müavini bildirib ki, ümumilikdə ölkəmizdə sosial-iqtisadi inkişafın bütün istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələr Dayanıqlı İnkişaf Proqramından irəli gələn məsələlərin milli səviyyədə uğurla həyata keçirildiyini təsdiq edir: “2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində 17 Məqsəd əksini tapır ki, onlardan 4-ü birbaşa sosial sahəyə aid olmaqla yoxsulluğun bütün formalarına son qoyulmasını, gender bərabərliyinə nail olunmasını, davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafın, tam və səmərəli məşğulluğun və hamı üçün layiqli iş imkanlarının təşviq edilməsini və s. nəzərdə tutur. Bu istiqamətlərin hər biri üzrə Azərbaycanda beynəlxalq qurumlarla, o cümlədən BMT-nin aidiyyəti təşkilatları ilə əməkdaşlıq şəraitində daim təkmilləşdirilən fəal və məqsədyönlü iş mexanizmləri mövcuddur”.

İ.İsayev ölkəmizdə sosial cəhətdən həssas qrupların dayanıqlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarını qeyd edib. O, son illərdə əmək və sosial müdafiə sahələrinin qabaqcıl texnologiyaların tətbiqi nəticəsində müasirləşdirildiyini, şəffaflaşdırılması sahəsində aparılan islahatları, bu sahələrdə xidmətlərin elektron müstəvidə tam şəffaflaşdırılaraq müvafiq qruplardan olan insanlar üçün əlçatanlığının təmin edildiyini diqqətə çatdırıb. Nazir müavini, eyni zamanda ölkədə icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edib, özünüməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan təsərrüfatlarının qurulmasının və ailə biznesinə çıxışının aktivlərlə təminat formasında dəstəkləndiyini bildirib: “BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkəmiz bu məqsədlərin icrası sahəsində qarşıdakı dövrdə də mühüm nəticələrə nail olmaq əzmindədir. Möhtərəm dövlət başçısının müvafiq Fərmanı ilə ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb ki, bu Şura tərəfindən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki öhdəliklər üzrə dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafı yönündə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi yönündə fəal iş aparılır”.

BMT missiyasının rəhbəri Ben Sley Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizin uğurlu iş təcrübəsinin olduğunu qeyd edib. Missiya üzvləri Azərbaycanda Dayanıqlı İnkişaf Proqramının prioritetləri üzrə aparılan sosial-iqtisadi siyasətin uğurlu nəticələrə hesablandığını vurğulayıb, bu sahədə daim dəstək vermək məramında olduqlarını diqqətə çatdırıblar.

Görüşdə Azərbaycanda sosial-iqtisadi sahədə milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, bu Məqsədlərin icrası üçün milli çərçivənin işlənməsi ilə bağlı müzakirələr aparılıb.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO