ƏƏSMN: İş yeri və əmək haqqı barədə arayış təqdim olunması işi xeyli asanlaşacaq

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron informasiya sisteminin tətbiqi nəticəsində işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əmək haqları barədə arayış təqdim etmələri işi xeyli asanlaşacaq.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əmək haqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əmək haqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək. Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək.

Xatırladaq ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işləri aparılmaqla sistemin təkmilləşdirilməsi işləri aparılır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaqdır.

Həmçinin nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO